Türkiyədə 30-cu Beynəlxalq Qızıl Koza Film Festivalının möhtəşəm mükafatlandırma mərasimi keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, mərasim təxminən 2 min qonağın iştirakı ilə Çukurova Universitetinin Konqres Mərkəzində baş tutub. 

Mərasimə rəsmilər, sənətçilər və çoxlu sayda tamaşaçı qatılıb. 

Aktyor Yetkin Dikinciler və teleaparıcı Gülay Afşarın aparıcılıq etdiyi gecədə mükafatlandırma mərasimindən əvvəl müğənni Bülent Ortaçgil səhnəyə çıxaraq mahnılarını səsləndirib.

Gecəyə damğa vuran isə “Kinomuzun Üzü" Xüsusi Mükafatı verilən türk kinosunun iki nüfuzlu siması - Türkan Şoray və Kadir İnanırın əl-ələ səhnədə görünmələri olub.

Məlumata görə, Türkan Şoray və Kadir İnanır mükafatı aldıqları üçün çox xoşbəxt olduqlarını bildiriblər. 

Çıxışlardan sonra İnanır və Şorayın bir-birlərinin əlini buraxmaması tamaşaçıların diqqətindən qaçmayıb.

Əfsanəvi aktyorları əl-ələ görən bir çox insan onlar barədə "kinomuzun gəlmiş getmiş iki ən yaxşı baş rol ortağı" sözünü ucadan səsləndirməyə başlayıblar.

Ləman

MİA.AZ