Fransa Xarici İşlər Nazirliyi 3 ölkənin sənətçilərinə viza verilməsini dayandırıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi mədəniyyət qurumlarına rəsmi bildiriş göndərib.
Məktuibda bildirilib ki, avqustun 7-dən etibarən Fransa Niger, Mali və Burkina Faso ölkələrinə viza verilməsini qadağan edib: "Bu, eyni zamanda, həmin ölkələrin sənətçilərinə də aiddir. Avqustun 7-dək olan dəvətlər istisna olmaqla, sonradan olunan və olunacaq dəvətlərdə bu nüansı nəzərə almanızı xahiş edirik".
"France Inter" radiosunun xəbərinə görə, Fransa Xarici İşlər Nazirliyi mədəniyyət qurumlaırna göndərdiyi bu xəbərdarlıq məktubu birmənalı qarşılanmayıb.
Mədəniyyət qurumları sənətçilərə viza qadağasının yolverilməz olduğunu deyərək, bu qərarın dərhal ləğvini tələb ediblər.
İncəsənət və Mədəniyyət Müəssisələri Birliyi isə sözügedən üç Afrika ölkəsinin sənətçilərinə qarşı qəbul edilən bu qərarı dəyişdirmək üçün Xarici İşlər Nazirliyi ilə təcili görüş tələb edib.
Paris Bələdiyyə sədri Anne Hidalgo X sosial media platformasında verdiyi açıqlamada Paris Bələdiyyəsinin Mali, Niger və Burkina Faso sənətçiləri ilə əməkdaşlığını dayandırmadığını yazıb: "Mədəniyyət, sənətçilər bəşəriyyətin imtina edə bilməyəcəyi bir ümid daşıyırlar".
Xatırladaq ki, adıçəkilən ölkələrdə Fransanın müstəmləkəçi siyasətinə qarşı etirazlar artıb və bu ölkələr rəsmi Parisdən hərbçilərini ölkədən çıxarmağı tələb edib. Hələlik Niger istisna olmaqla, Fransa digər iki ölkədən hərbçilərini geri çəkib.
Ləman
MİA.AZ