Şair Bəxtiyar Vahabzadənin ev-muzeyində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Reyhan Mənəfovanın (Miqdadqızı) “Sükutun səsi” şeir kitabının təqdimat mərasimi keçirilib. 

Mia.az xəbər verir ki, tədbirin aparıcısı Azərbaycan Yazıçılar Birliyinin Şəki bölməsinin sədri, şair, publisist, nasir Vaqif Aslan çıxış edərək ictimaiyyətə təqdim olunan kitabın əhəmiyyətindən söz açıb, həmçinin nəşrin müəllifi olan Reyhan Mənəfovanın yaradıcılığı və publisistikası haqqında danışıb. 

Sonra çıxış edən Bəxtiyar Vahabzadənin ev-muzeyinin direktoru Elşən Zəkəriyyəbəyli bu cür tədbirə ev sahibliyi etdiklərindən qürur duyduqlarını bildirib. 

Şəki REM-in Tarix, arxeologiya və epiqrafika şöbəsinin rəhbəri Rahim Həsənov Reyhan xanımın yalnız ədəbi istiqamətdə deyil, elmi istiqamətdə də fəaliyyət göstərdiyini söyləyib, onun bu sahədə kifayət qədər elmi nailiyyətlər qazandığını vurğulayıb. 

Daha sonra Şəki REM-in Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dosent Kamil Adışirinov çıxış edərək kitabın adının “Sükutun səsi” seçilməsini uğurlu hal kimi qiymətləndirib. Qeyd edib ki, müəllif kitabda olan şeirlərdə ədəbi dilin norma və üslub xüsusiyyətlərini qoruyub saxlamaqla yanaşı, qafiyə quruluşu və formanın qaydalara uyğun şəkildə düzülüşünə önəm verib, bədii ifadə vasitələrindən yüksək sənətkarlıqla istifadə edib. Kamil Adışirinova bütün bunların şairin şeirlərinin məzmununa xələl gətirmədən dolğun mənanın ifadə olunmasına kömək etdiyini bildirib.

Tədbirdə Şəki REM-in elmi katibi Elşən Abdurahmanov, Milli Azərbaycan Tarix Muzeyinin “Təsviri materiallar” fondunun müdiri, memarlıq üzrə fəlsəfə doktoru, dosent Nardanə Yusifova, Şəki REM-in Ədəbi-mədəni mühit, folklor və epiqrafika şöbəsinin kiçik elmi işçisi, AYB-nin üzvü, şair Tural Adışirinov, AYB-nin üzvü Zaur İlhamoğlu, Şəki ədəbi mühitinin nümayəndəsi, şair-pedaqoq Aqşin İbrahimxəlilov və “Sükutun səsi” kitabının rəssamı Asim Abbasov çıxış edərək müəllifin şeirlərində səmimiyyətin, məhrəmliyin olduğunu söyləyib, Reyhan Mənəfovaya yeni yaradıcılıq uğurları arzulayıblar.

Mərasimdə Şəki Mərkəzi Kitabxanasının Xidməti abonoment şöbəsinin müdiri Dilbər Yaqubova və məktəbli Selcan Mənəfova şairin şeirlərini səsləndiriblər. 

Tədbirdə, həmçinin Şəki “Yuxarı Baş” Dövlət Memarlıq Qoruğunun direktor müavini Vasif Paşayev, Şəki REM-in Tarix, arxeologiya və epiqrafika şöbəsinin elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Ələddin Sultanov, Azərbaycan Respublikası Təhsil Cəmiyyəti İctimai Birliyinin İdarə Heyətinin üzvü Rafiq Xəlil, şəhid Ziya Nurməmmədovun atası Zabil Nurməmmədov, beş qat dünya çempionu Şərif Şükürov, M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin əməkdaşı Aydın Məmmədov, Şəki Regional Elmi Mərkəzinin əməkdaşı Habil Xəlilov və digərləri kitab haqqında fikirlərini bölüşüblər.

Sonda nəşrin müəllifi Reyhan Mənəfova tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib, “Sükutun səsi” şeir kitabını oxucular üçün imzalayıb. 

Ləman

MİA.AZ