"Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında" Azərbaycan Prezidentinin icrası ilə bağlı Gəncə Dövlət Dram Teatrı, Şəki Dövlət Dram Teatrı, Lənkəran Dövlət Dram Teatrı, Naxçıvan Dövlət Milli Dram Teatrı və Naxçıvan Dövlət Kukla Teatrlarında kadr problemini aradan qaldırmaq məqsədilə həmin teatrların nəzdində teatr-studiyaları yaradılıb.

Mia.az Mədəniyyət Nazirliyinə istinadla xəbər verir ki, hazırda Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının nəzdində “Mən aktyoram”, Azərbaycan Dövlət Kukla Teatrının nəzdində isə “Oyuq” teatr-studiyası fəaliyyət göstərir.

Xatırladaq ki, bu ilin 11-12 aprel tarixlərində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Azərbaycan peşəkar milli teatrının 150 illiyi ilə əlaqədar ilk Teatr Forumu keçirilib. Forumda teatr sahəsinin inkişaf perspektivləri ilə bağlı bir çox məsələlər, o cümlədən region teatrlarının mövcud problemləri də müzakirə edilib. Regiondan paytaxta gəlib təhsil alan rejissor və aktyorların sonradan peşəkar kadr kimi regionlara geri dönməməsi və bunun nəticəsində də yerli teatrlarda yaranan kadr çatışmazlığı probleminin həlli istiqamətində müxtəlif təkliflər irəli sürülüb.

Bu işdə respublikamızın akademik və aparıcı teatrlarının təcrübəsindən istifadə edərək müxtəlif bölgələri və fərqli sosial təbəqələri təmsil edən əhalinin teatr sənəti ilə bağlı tələbatlarının eyni səviyyədə ödənilməsi üçün əlverişli şəraitin yaradılması nəzərdə tutulub. Ümumiyyətlə, bu an regionlarda bölgə teatrlarının inkişafına da xüsusi diqqət yetirilir, teatrın nüfuzunun və tamaşaçı marağının artırılması istiqamətində Mədəniyyət nazirliyi tərəfindən məqsədyönlü işlər aparılır.