28 may - 12 iyun 2014-cü il tarixlərində İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Beynəlxalq Əmək Təşkilatının (BƏT) üzv-dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlarının iştirakı ilə Beynəlxalq Əmək Konfransının 103-cü sessiyası keçiriləcək.
Nazirlikdən Mia.az-a verilən məlumata görə, tədbirdə ölkəmizi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının rəhbər şəxslərindən ibarət nümayəndə heyəti təmsil edəcək.
Sessiyanın 4 iyun tarixində keçiriləcək plenar
iclasında nümayəndə heyətinin başçısı kimi Azərbaycan Respublikasının əmək və əhalinin
sosial müdafiəsi naziri Səlim Müslümovun çıxışı nəzərdə tutulur. Bundan başqa,
S.Müslümovun tədbir çərçivəsində BƏT-in Baş direktoru və digər rəhbər şəxsləri,
habelə sessiyada iştirak edəcək bir sıra üzv dövlətlərin nümayəndə heyətlərinin
rəhbərləri ilə görüşlərin keçirilməsi də planlaşdırılır.
Tədbirin
gündəliyinə BƏT-in Baş direktorunun və İnzibati Şuranın sədrinin məruzələri, həmçinin
BƏT-in Konvensiya və Tövsiyələrinin icrası vəziyyəti, İcbari əmək haqqında
1930-cu il Konvensiyasına dəyişikliklərin edilməsi, qeyri-formal
iqtisadiyyatdan formal iqtisadiyyata keçidin dəstəklənməsi, məşğulluğun
strateji məqsədləri və digər məsələlər daxildir.