Din və Demokratiya Mərkəzi 2014-cü
il mayın 23-də mərdəkan qəsəbəsində Hacı Zeynəlabdin Tağəyev adına 123 saylı
orta ümumtəhsil məktəbində "Ailə
mədəniyyətimiz mövhumat dindarlığına qarşı” mövzusunda görüş-müzakirə
keçirib.
Layihənin
əlaqələndiricisi Vasif Sadıqlı xalqımızın tarix-mədəni irsinə müraciətlə
iştirakçıların diqqətini Azərbaycan tarixindən və ədəbiyyatından konkret
nümunələrə yönəldərək Azərbaycan ailəsinin əsrlərcə hansı mənəvi dayaqlar
üzərində qurulduğundan söhbət açıb. "Bir sıra müsəlman ölkələrindən gələn
emissarlar Azərbaycan ailələrini öz ölkələrində tətbiq olunan qaydaların təsiri
altına salmaq istəyirlər. Bunun ciddi fəsadları ola bilər. Cənub rayonlarından
birində olarkən bəzi ailələrin yeni doğulan qız uşaqlarına doğum şəhadətnaməsi
almaması faktlarının olduğunu bildirdilər. Bu yolla qızları təhsildən
yayındırırlar” deyə natiq bildirib. V.Sadıqlı qeyd edib ki, bu problemlər hələ
20-ci əsrin əvvəllərində də var idi, təəssüf ki, XXI əsrin əvvələrində də
qalır.
Tanınmış
ilahiyyatçı ailm Nəriman Qasımoğlu öz çıxışında Quran ayələrinin bu məsələdə
ifadə etdiyi hikmətlərə diqqət çəkərək ailə möhkəmliyini şərtləndirən ilahi
təlimatlardan danışıb. N.Qasımoğlu ailə möhkəmliyini təmin edən valideyn-övlad
münasibətlərinə dair Quran ayələrindən sitatlar gətirərək bunlara dair ilahi
hikmətləri açıqlayıb. İlahiyyatçı-alim istinad etdiyi Quran ayələrilə din adına
qələmə verilən rəvayətlərin gəlişdirdiyi təsəvvürləri qarşılaşdıraraq
mövhumatçılığın dindar şüurunda yaratdığı fəsadlardan geniş söhbət açıb.
Müzakirədə məktəbin direktoru Gülnarə Əzimova da çıxış edib və Mərdəkanın
tarixi ənənələrindən söz açaraq qəsəbə gənclərində təhsilə marağın
təlim-tərbiyə işlərində hər zaman üstünlük təşkil etdiyini, yerli əhali
qruplarının xurafatçılıqdan kənar durduqlarını qeyd edib. Görüşdə
həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Baş Məsləhətçisi Nigar Ağakişiyeva da
iştirak edib.
Tədbir "Ailə mədəniyyəti ənənələrini yabançı dini
təmayüllərin mənfi təsirlərindən qorumaq yönümündə maarifçilik tədbirləri”
layihəsi çərçivəsində Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının maliyyə yardımı ilə icra olunur.