Yaxın günlərdə Milli Məclis "Vətəndaşlıq haqqında qanun"a dəyişiklər etmək istəyir. Bü dəyişiklər isə sizin xaricdə yaşayan yaxınlarınız da daxil olmaqla ölkə kənarında yaşayan, işləyən azərbaycanlılar üçün çox ciddi problemlər yaradacağı haqda narahatçılıq yaradıb.
Mia.az-a Avropada fəaliyyət göstərən Demokratik Azərbaycan Hərəkatı tərəfindən bu narahatçılığı ifadə edən müraciət daxil olub.
Xaricdə
yaşayan azərbaycanlılar tərəfindən yaradılmış və Avropada fəaliyyət göstərən
Demokratik Azərbaycan Hərəkatı Azərbaycan Respublikası Milli Məclisinin
vətəndaşlıq haqqında qanuna etmək istədiyi dəyişikliklərlə bağlı ölkə
ictimaiyyətinə, Milli Məclis rəhbərliyinə və millət vəkillərinə müraciət
ünvanlayıb.
Müraciət
redaksiyamıza DAH-ın koordinatoru, Nederland Krallığında yaşayan jurnalist
Fikrət Hüseynli tərəfindən göndərilib. Müraciətdə bildirilir:
"Biz Azərbaycandan kənarda yaşayan
azərbaycanlılar Milli Məclisin "Azərbaycan Respublikasının vətəndaşlığı
haqqında” qanuna əlavə və dəyişikliklər edilməsinə hazırlaşılmasıla bağlı KİV-də
yayılmış məlumatlarla tanış olduqdan sonra bunu çox təəssüflə qarşıladıq və
ciddi narahat olduq. Çünki qanunun 10-cu maddəsinə əlavə olunacaq ikinci
hissədə isə deyilir: "Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan
Respublikasının vətəndaşı 1 ay müddətində bu barədə müvafiq icra hakimiyyəti
orqanına yazılı məlumat verməlidir. Belə məlumatı verməyən şəxslər Azərbaycan
Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət
daşıyırlar”.
Qanuna
edilməsi gözlənilən bu dəyişiklik kifayət qədər təhlükəli bir niyyətdən xəbər
verir. Ona görə ki, bu gün Azərbaycan Respublikasının on minlərlə vətəndaşı
müxtəlif xarici ölkələrdə yaşayır və onlar həmin ölkələrin qanunlarına uyğun
olaraq bir sıra hallarda əcnəbi dövlətin vətəndaşlığını qəbul etməli olurlar.
Bu zaman bir çox hallarda həmin dövlət Azərbaycan vətəndaşının qarşısında heç
bir xüsusi öhdəlik qoymur. Eyni zamanda xüsusi bildirmək lazımdır ki, bu günə
qədər on minlərlə azərbaycanlı müxtəlif ölkələrin vətəndaşlıqlarını alsalar da,
Azərbaycan vətəndaşlıqlarını saxlayırlar. İndi isə qanuna edilən dəyişiklik
faktiki olaraq hüquq-mühafizə orqanlarının əlinə xaricdə yaşayan və əcnəbi
vətəndaşlığı olan istənilən şəxsi cinayət məsuliyyətinə cəlb etməyə imkan
verir. Xaricdə yaşayan azərbaycanlıların vasitəsilə daim Dağlıq Qarabağ, Xocalı
soyqırımı və sair kimi məsələləri Avropa, Amerika, Asiya dövlətlərinin
diqqətinə çatdırmaq, gündəminə daşımaq istədiyi deyən Azərbaycan hakimiyyətini
bu təhlükəli dəyişikliyə imza atmamağa çağırırıq.
Həmçinin bildiririk ki, qanunun 18-ci maddəsinin 2-ci bəndinin mətninin
dəyişdirilməsilə bağlı təklifdə də yanlışlığa yol verilir. Çünki təklif olunan
dəyişiklikdə qeyd olunur ki, Azərbaycan Respublikası vətəndaşının xarici
dövlətin dövlət və ya bələdiyyə orqanlarında çalışması onun vətəndaşlığının
itirilməsinə gətirib çıxarır. Qeyd etmək istəyirik ki, bu gün Azərbaycandan
kənarda on minlərlə Azərbaycan vətəndaşı var ki, müxtəlif dövlətlərdə yaşayır
və gündəlik yaşayışını təmin etmək üçün dövlət qurumlarında və bələdiyyələrdə
adi işlərdə çalışırlar. Hansısa bir xarici dövlətdə bələdiyyədə, mənzil
istismar idarəsi və ya dövlət xəstəxanası kimi mülki obyektdə çalışan
Azərbaycan vətəndaşının vətəndaşlıqdan mərhum edilməsi qanunsuzdur, hüquqa
ziddir. Bu, on minlərlə azərbaycanlının təbii və hüquqi haqqı olan Azərbaycan
vətəndaşlığından mərhum etməyə, həmçinin yeni koorrupsiya və rüşvət mənbəyinin
yaranmasına gətirib çıxaracaq.
Biz Milli Məclis sədri Oqtay Əsədova, millət vəkillərinə müraciət edərək bu
dəyişiklərləri etməməyə çağırırıq. Bu mürtəse dəyişiklikləri təklif edənlərə
vətəndaşlıq məsələlərinə münasibəti heç olmasa, yaxın qonşumuz, qardaş dövlət
Türkiyədən öyrənmələrini tövsiyyə edirik. Türkiyə qanunlarına görə, əcnəbi
dövlətin tələbilə vətəndaşlığını itirmək zorunda qalan hər bir şəxs daimi
olaraq Türkiyədə yaşayış hüququ qazanır. Azərbaycanda isə bu hüququ
vermirsinizsə, heç olmasa, insanların təbii, hüquqi və mənəvi haqqı olan
Azərbaycan vətəndaşlığına toxunmayın».