Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub.
Mia.az-a partiyadan daxil olan məlumata görə, İdarə Heyəti ilk olaraq Rusiyanın kobud müdaxiləsi ilə Ukraynada hadisələrinin zorakı müstəviyə daxil olmasından, separatçı qüvvələrlə Ukrayna hərbiçiləri arasında baş verən toqquşmadan çoxlu sayda insanın həlak olmasından və baş verən hadisələrin regionda, eləcədə dünyada sülhün və təhlükəsizliyin pozulmasından ciddi narahat olduğunu bildirib və dünya dövlətlərini BMT-də Rusiyanı işğalçı dövlət kimi tanımağa, onun Ukraynanın müstəqilliyi və suverenliyinə qarşı yönəlik məkirli hərəkətlərinin qarşısını almağa çağırıb. Qeyd edilib ki, Ukraynada keçirilməsi nəzərdə tutulan 25 may tarixindəki prezident seçkiləri dünya ictimaiyyətinin diqqətində olmalı və Rusiyanın bu seçkilərə hər hansı formada müdaxiləsi seçkilərin legitimliyini kölgə altına salmamalıdır.
İdarə heyəti ABŞ səfiri R.Morninqstarın Azərbaycandakı durumla bağlı
son bəyanatı və bu bəyanatda insan haqları, siyasi məhbus, korrupsiya faktları
və hakimiyyət daxilində monolit birliyin olmaması ilə bağlı deyilənlər tam
obyektivliyi əks etdirir və bu müsahibə daha çox Azərbaycana qarşı gözlənilən
Rusiya təhlükəsindən xəbər verir. Partiya yetkililəri bu bəyanatdan sonra
hakimiyyətdə olan ruspərəst qüvvələrin ABŞ səfirinə qarşı kampaniya başlamasını
qətiyyətlə pisləyib və bu cür yanaşmaların iki dövlət arasında münasibətlərin
korlanmasına stimul verəcəyindən narahat olduğunu qeyd edib və hakimiyyəti qərb
dəyərlərinə qarşı dözümlü olmağa çağırıb.
İdarə Heyəti Rusiyanın Krım tatarlarının milli müqəddaratını təyin
etmə hüququna qarşı başlatdığı müdaxilələri qətiyyətlə pisləyib və dünya dövlətlərini
Krım tatarlarının milli varlığına qarşı yönəlmiş Rusiya təhlükəsindən qorumağa
və onları beynəlxalq hüquqla təmin olunan milli haqlarına həssaslıqla yanaşmağa
çağırıb.
İdarə Heyəti Dağlıq Qarabağ probleminin həllinə dair ATƏT-in Minsk
qrupunun amerikalı həmsədri tərəfindən irəli sürülən variantın heç də Azərbaycanın
milli və dövlət maraqlarına uyğun olmadığını, əksinə təklif olunan variantda
Ermənistana daha böyük üstünlüklər verildiyini diqqətə çatdırıb və Dağlıq
Qarabağ probleminin ədalətlətli həllinin tapılmadığı halda Rusiyanın bu bölgədə
daha da güclənməsi və daha böyük imperialist iddialarla çıxış etməsi faktı ilə
qarşılanacağını bəyan edib.
İdarə Heyəti jurnalist P.Həşimli barədə çıxarılan məhkəmə hökmündən,
məhkəmənin qeyri-şəffaf aparılmasından və müttəhimin istintaq zamanı effektli
müdafiə hüququndan məhrum edilməsindən narahatlığını bildirib, haqqında 8 il həbs
cəzası kəsilməsini onun etdiyi əməllərə adekvat olmadığını diqqətə çatdırıb ölkə
başçısını qarşıdan gələn 28 may istiqlal bayramı münasibəti ilə P.Həşimli və
digətr siyasi sifarişlə həbs edilmiş yurnalist və siyasilər barədə əfv fərmanı
verməyə çağırıb.
İdarə Heyəti son vaxtlar Müdafiə Nazirliyində ruspərəst kadrları vəzifəyə
gətirilməsi ilə bağlı keçirilən kadr islahatlarını ciddi narahatlqla qəbul edib
və ölkəmiz üçün Rusiya təhlükəsinin getdikcə daha qabarıq şəkildə ortaya
çıxdığı bir vaxtda bu cür kadrların milli və dövlət maraqlarımıza zidd olduğunu
bildirib və ali baş komandan kimi İ.Əliyevi Müdafiə Nazirliyində aparılan kadr
islahatlarını bir daha nəzərdən keçirməyə çağırıb.
İdarə Heyəti Türkiyədə yaşanan Soma faciəsinin Azərbaycanda iki dövlət
arasındfa mövcud olan dərin tarixi əlaqələrə, qardaşlıq və dindaşlıq
yaxınlıqlarına uyğun şəkildə qeyd edilməməsini, bu faciənin üzüntülərinin dövlət
səviyyəsində yaşadılmamasını ciddi narahatlıqla qarşılayıb və bu laqeyd münasibəti
elan olunmuş "bir millət, iki dövlət” fəlsəfəsinin ruhuna zidd olduğuna diqqət
çəkib və hakimiyyəti dünyada yeganə arxamızda durmaq gücündə olan qardaş Türkiyəyə
münasibətdə daha həssas və yanımlı olmağa çağırıb.