Vətəndaş Həmrəyliyi Partiyası Ali Məclisinin növbəti sessiyası keçirilib.
VHP mətbuat xidmətindən Mia.az-a daxil olan məlumata görə, konfransın gündəliyinə ictimai-siyasi məsələlərin və qarşıdan gələn bələdiyyə seçkilərinin müzakirəsi, Siyasi Şura və Ali Məclisə yeni üzvlərin seçilməsi, partiyanın növbəti qurultayının keçirilməsi və cari məsələlər daxil edilib.
VHP Ali Məclisinin
sədri Rafiq Manaflının sədrliyi ilə başlayan konfransda Türkiyədəki Soma faciəsində
həyatını itirən türklərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra
ictimai-siyasi məsələlər və seçkilərlə bağlı VHP sədri, millət vəkili Sabir
Rüstəmxanlı məruzə edib. Partiyanın keçdiyi yol və hazırkı məqamda tutduğu
mövqedən danışan S.Rüstəmxanlı bildirib ki, hazırda milli birliyə daha çox
ehtiyac var:
"VHP ilk növbədə
milli birlik və həmrəylik ideologiyasını əsas götürür və keçdiyimiz yol sübut
etdi ki, bu ideologiya Azərbaycanın nicat yolu kimi hər zaman prioritetdir.
Hazırda ciddi siyasi-hərbi böhranın yaşandığı dünyada Azərbaycan milli birliyinə
hər zamankından daha artıq ehtiyac hiss olunur”.
Azərbaycanın müstəqilliyinin
müqayisəyəgəlməz nemət olduğunu bildirən S.Rüstəmxanlı bu neməti qorumaq
missiyasının gənclərin üzərinə düşdüyünü və onların siyasi partiyalarda kadr
kimi yetişməsinin zəruriliyini önə çəkib.
Bələdiyyə seçkilərində
iştiraka qərar verən Ali Məclis rayon təşkilat sədrlərinin iştirakı ilə müzakirələr
aparıb.
Daha sonra VHP
Siyasi Şurasına tanınmış rejissor Rövşən Almuradlı və VHP Qadınlar
Şurasının sədri Aygün Qurbanlı üzv seçilib, Ali Məclisə isə yeni 7 üzv qəbul edilib.
Təşkilatı məsələlərlə
bağlı Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədlinin çıxışından sonra VHP-nin
növbəti qurultayının keçirilməsinə qərar verilib və 25 nəfərdən ibarət
Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb.
Konfrans ölkədəki
vəziyyət, siyasi durum, müxalif qurumlara qarşı yerlərdə hakimiyyətin tutduğu
qeyri-konstruktiv mövqe və sairlə bağlı yerli təşkilat sədrlərinin çıxışları və
müzakirələri ilə davam edib.