"Mayın 25-də Moskvada keçirilən Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası istər üzv dövlətlərin, istərsə də tədbirə qonaq qismində qatılan Azərbaycanın iqtisadi imkanlarının təqdimatında öz sözünü dedi. Dövlət başçısı İlham Əliyev Azərbaycanın quruma üzv olmasa da ötən 30 ildə Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığının uğurla inkişaf etdiyini bildirdi. İkitərəfli əlaqələrin inkişafı üçün geniş imkanların mövcudluğunu ölkəmizin bu illər ərzində əldə etdiyi sosial-iqtisadi göstəricilər də təsdiqləyir".
Bu sözləri Mia.az-a açıqlamasında YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə deyib.
O bildirib ki, Prezident İlham Əliyev iclasdakı çıxışında bir daha diqqəti Azərbaycanın xalqlar arasında körpü rolunu oynayan tranzit imkanlarına, həyata keçirilən layihələrin uğurlu icrasına yönəldib: "Reallıq budur ki, Azərbaycan həm enerji, həm də nəqliyyat layihələrinin icrasını uğurla həyata keçirməklə bu körpünün daha da möhkəmlənməsinə yeni əlavələr edir".
Vüqar Rəhimzadənin sözlərinə görə, dövlət başçısı İlham Əliyev çıxışında bu məqama xüsusi diqqət yönəldib ki, ölkəmiz tam iqtisadi müstəqilliyə nail olub: "Bu da müstəqil xarici siyasət kursunu aparmaq üçün mühüm amildir. Azərbaycanın xarici siyasət uğurları davamlıdır. Dövlətimizin ədalətə və beynəlxalq hüquqa əsaslanan xarici siyasəti ona daim uğurlar qazandırır. Azərbaycanın ayrı-ayrı dövlətlərlə istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin yüksələn xətt üzrə inkişafı reallıqdır. Bunu qarşılıqlı səfərlər, hər bir ölkənin malik olduğu imkanlara söykənərək yeni prioritetlərin müəyyənləşdirilməsinə və əlaqələrin genişlənməsinə xidmət edən sənədlərin say tərkibi də təsdiqləyir. Azərbaycan 4 ildir 120 dövləti öz sıralarında birləşdirən Qoşulmama Hərəkatına uğurla sədrlik edir. Ölkəmizin quruma sədrlik müddətinin bu il üçün uzadılması təbii ki, uğurlu siyasətimizin, Azərbaycanın daim ədalətin və beynəlxalq hüququn yanında olmasının nəticəsidir".
YAP Xətai rayon təşkilatının sədri diqqəti iclas çərçivəsində aparılan müzakirələrdə Prezident İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyana diplomatiya dərsi keçməsinə yönəldib. Bildirib ki, dövlət başçısı İlham Əliyev “Mənim sözlərimdə ərazi iddialarının olmasını görmək üçün xüsusi canfəşanlıq etmək və ya güclü fantaziyaya malik olmaq lazımdır” söyləyərək Nikol Paşinyana bu dərsi keçdi ki, “dəhliz” sözü heç də kiminsə ərazisinə göz dikmək demək deyil: "Azərbaycan Prezidenti diqqətə çatdırdı ki, bu, beynəlxalq termindir və düşünürəm, beynəlxalq terminologiya ilə tanış olan insanlar yəqin ki, ona bu gün Ermənistanın baş naziri kimi məna verməzdilər. Ermənistanın rəsmən Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını nəzərə alsaq, hesab edirəm ki, sülh sazişinə nail olmaq üçün imkanlar var".
Vüqar Rəhimzadə onu da əlavə edib ki, Ermənistanın baş naziri qeyri-ciddi, əsassız fikirləri ilə hər hansı bir tribunadan Azərbaycanı ittiham etməyə çalışsa da hər dəfə dövlət başçısı İlham Əliyevin reallıqları özündə əks etdirən, təkzibolunmaz faktlara söykənən, ən əsası müstəqil siyasətimizin nümayişi olan diplomatik cavabı ilə qarşılaşıb.
Samir
MİA.AZ