Azərbaycan mobil rabitə bazarının lider şirkəti Azercell Telekom abunəçiləri
üçün daha bir endirim etdi. Azərbaycanda ilk dəfə olaraq "Asan İmza” mobil
elektron imza xidmətini təklif edən şirkət sözügedən xidmətdə tarifləri
inanılmaz dərəcədə endirdi. Belə ki, 16 may tarixindən etibarən, əhali, dövlət
qulluqçuları və sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər
"Asan İmza” xidmətindən istifadə edərkən, qoşulma haqqı üçün ƏDV daxil cəmi 18
AZN ödəyəcək. "Asan İmza" istifadəçiləri üçün xidmətdən aylıq istifadə
haqqı isə 0,5 manat təşkil edəcək. Bundan əlavə 20 iyun 2014-cü il tarixindən
etibarən "Asan İmza" vasitəsilə yerinə yetirilən hər bir əməliyyat (autentifikasiya/elektron
imzalama) üçün 1 SMS-in qiyməti 0,03 manat olacaq.
Məlumat üçün bildirək ki, "Asan İmza" xidməti hər bir mobil
abunəçiyə elektron xidmətlərdən yararlanmaq, elektron imzadan asanlıqla istifadə
etmək imkanı yaradır. "Asan İmza” mobil elektron imza xidmətinin sürəti və
rahatlığı dövlət xidmətlərinə çıxışda rast gəlinən maneələri xeyli azaldır,
xidmət istifadəçilərini və tərtibatçılarını yeni texnologiyaların aktiv istifadəsinə
stimullaşdırır. Xidmətdən istifadə etmək üçün ASAN Xidmət Mərkəzlərində təşkil
olunan Azercell Qeydiyyat Məntəqəsinə yaxınlaşmaq lazımdır. Burada Asan İmza
SIM kartını və elə həmin mərkəzdə yerləşən Vergilər Nazirliyinin Xidmət Məntəqəsindən
elektron imza sertifikatı əldə etmək olar. Asan İmza – Mobil İmzalı SİM-kart həm
mövcud, həm də yeni Azercell nömrələrə uyğunlaşdırıla bilər.
Azərbaycanın mobil rabitə bazarında ilklərə imza atan, analoqu
olmayan xidmətləri, endirmli tarif paketlərini, sərfəli kampaniyaları təqdim edən
Azercell bu ilin sonuna qədər fərqli yenilikləri ilə abunəçilərini sevindirəcək.
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz:
Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin
ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ
texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib:
GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet),
24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil
elektron xidməti "Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı
51% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2013-cü ilin
sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon nəfər təşkil etmişdir. 2011-ci
ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim
etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft
sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 20 ölkəsində fəaliyyət
göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaçı olan
TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.