Şirvan Şəhər İcra Hakimiyyətinin, Şirvan Şəhər Uşaq Musiqi Məktəbinin və Hacıqabul Şəhər Uşaq Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda “Dostluq görüşləri” adlı konsert proqramı keçirilib.
Mia.az xəbər verir ki, öncə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucalan abidəsini ziyarət edib, abidə önünə gül-çiçək dəstələri düzüb, əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Şəhər Uşaq Musiqi Məktəbinin direktoru Əbülfət İsmayılov, Hacıqabul Şəhər Uşaq Musiqi Məktəbinin direktoru Mehdiqulu Fərəcov çıxış edərək müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsinin tükənməz ibrət məktəbi olduğunu bildiriblər.
Qeyd edilib ki, ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilib. Azərbaycan mədəniyyətinin inkişafında yeni dövrün əsasının qoyulmasının məhz Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayaraq, Heydər Əliyevin mədəniyyət siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qeyd edilib.
Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir Hacıqabul Şəhər Uşaq Musiqi Məktəbinin müəllim və şagird kollektivinin ifasında konsert proqramı ilə davam edib.
Ləman
MİA.AZ