***

Mən alovdan don geyib, oda bələndim keçdim
Elə aralı gəzdim, gendən dolandım, keçdim,
Düşdüm dəli inada, eşqimi dandım keçdim,
Ağıllı başlı sevmək gəlmədi ki, əlimdən,
Səni sevdim, səni mən.

Könlüm toruna düşdü, dilim aldatdı bizi,
İçim özümü yaxdı, çölüm aldatdı bizi,
Bu ayrılıq, bu hicran, zülüm aldatdı bizi,
Bircə yol eşitmədin bu dəlinin dilindən:
Səni sevdim, səni mən.

Baharı yola verdik, payız qışa tələsir,
Zaman qaçır irəli, ömür başa tələsir,
Daha nə ağrı qalıb ürəyimdən keçəsi,
Durum necə adlayım bu dumanı, çəni mən?
Səni sevdim, səni mən.

Yorub bu payız məni, bu xəzəl məni indi,
Bu şeir, bu təranə, bu qəzəl məni indi,
Axı harda gizlədim məndəki səni indi,
Necə deyim ağlayım saçımdakı dəni mən,
Səni sevdim, səni mən.

Nə desəm də havayı, nə desəm gecdi daha,
Bu nağıllar, masallar hamısı heçdi daha,
Bizimki çoxdan bitib, ömür-gün keçdi daha,
Necə ocaq qalayaq bu sevginin külünnən,
Səni sevdim, səni mən.

Bu qürurun adını nə qoyaq innən belə?
Bizə nə verər daha bu qınaq innən belə?
Fələk sayanı saydıq, nə sayaq innən belə?
İndi daha nə umum bu ayımdan, ilimdən,
Bircə onu bilirəm
Səni sevdim, səni mən.

Müəllif: Təranə DƏMİR

MİA.AZ