Heydər Əliyev Fondunun təşəbbüsü ilə iyunun 18-25-də “Muğam aləmi” (“Space of Mugam”) 6-cı Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Mia.az xəbər verir ki, festival Bakı və Şuşa şəhərlərində təşkil olunacaq. Festivalda ifaçıların qeydiyyatı mayın 1-dən 20-dək aparılacaq. Azərbaycanı bu festivalda aprelin 24-27-də keçirilən Milli Muğam Müsabiqəsinin qalibləri - xanəndə və instrumental ifa kateqoriyası üzrə birinci yerin mükafatçıları Mirəli Sarızadə və Vaqif Təhməzov təmsil edəcəklər.

“Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalının açılışı iyunun 18-də Heydər Əliyev Sarayında olacaq. İyunun 25-dək davam edəcək festival çərçivəsində Bakının müxtəlif mədəniyyət ocaqlarında, həmçinin iyunun 23-də Şuşanın tarixi məkanlarında müxtəlif tədbirlər - müsabiqə, mühazirə və təqdimatlar, konsertlər, sərgi və simpoziumlar təşkil ediləcək. Festivalın sonuncu günündə 24 saat ərzində eyni məkanda bir-birini əvəz edən canlı muğam marafonu olacaq.

“Muğam aləmi” Festivalında 1-ci, 2-ci və 3-cü yerlərin sahiblərini və Qran-Pri mükafatçısını beynəlxalq münsiflər heyəti qiymətləndirəcək. İyunun 25-də qaliblərin mükafatlandırılması və konsert keçiriləcək.

Festival günlərində Bakıda keçiriləcək konsertlərə biletləri “iTicket.az” saytı və satış məntəqələrindən əldə etmək mümkün olacaq.

Xatırladaq ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2009-cu ildən beynəlxalq muğam festivalları təşkil olunur. Layihə muğamı dünya mədəniyyəti kontekstində bir daha nümayiş etdirmək və yaşatmaq məqsədi daşıyır.