Əlisa Nicat Prezident təqaüdü üçün Azərbaycan Yazıçılar Birliyinə ərizə ilə müraciət edib.

Mia.az xəbər verir ki, bunu Cebhe.info-ya açıqlamasında AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza deyib.

Onun sözlərinə görə, təqaüdün verilməsi üçün Azərbaycan Yazıçılar Birliyinin üzvləri quruma ərizə ilə müraciət edirlər. Həmin ərizələr arasından 20 nəfər gənc, 50 nəfər yaşlı olmaqla, mumilikdə 70 nəfər seçilərək, onlara il ərzində təqaüd verilməsi təmin olunur.

Xatırladaq ki, ötən il dekabr ayında tanınmış yazıçı-filosof Əlisa Nicatın maddi durumu sosial şəbəkədə müzakirə olunan mövzulardan idi.

Belə ki, yüzlərlə əsər müəllifi Əlisa Nicat tədbirlərin birində evinin soyuq olduğunu, mənzili isitmək üçün qaz pulunu çatdıra bilmədiyini demişdi. Bundan sonra yazıçının üzvü olduğu Azərbaycan Yazıçılar Birliyindən təqaüd almaması qabardılıb və filosofa kömək üçün yardım kampaniyasına başlanılıb. Yazıçının hesabına yardım çərçivəsində bir neçə min pul toplanıb. Həmin vaxt Azərbaycan Yazıçılar Birliyindən saytımıza bildirmişdilər ki, bu ilin aprel ayından yazıçıya təqaüd veriləcək.