Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə nazirlik sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə keçirilən "Sən elə bir zirvəsən" adlı Ümumrespublika ifa müsabiqəsində Şirvan Peşə Liseyinin tələbələri rəqs nominasiyası üzrə  Respublika üzrə 2-ci yerə layiq görülüb.

Mia.az xəbər verir ki,  ötən gün Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Şirvan Peşə Liseyinin müsabiqədə iştirak edən tələbələri ilə görüşüb. Öncə Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva çıxış edərək, Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə ölkəmizdə silsilə tədbirlər keçirildiyini, bu tədbirlərdə Ümummili liderin zəngin irsinin təbliğ olunduğunu qeyd edib. Sonra Şirvan Peşə liseyinin direktoru Elnur Novruzov "Sən elə bir zirvəsən" müsabiqəsi haqqında ətraflı məlumat verib.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov müsabiqədə iştirak edərək qalib gələn tələbələri və rəqs qrupunun rəhbərini təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə keçirilən “Sən elə bir zirvəsən” adlı ümumrespublika ifa müsabiqəsində rəqs nominasiyası üzrə 2-ci yerə layiq görülmələrinə və şəhərin ictimai həyatında fəal iştirak etdiklərinə görə Şirvan Peşə Liseyinin tələbələrindən ibarət rəqs qrupunu Fəxri Fərmanla təltif edib. Sonda xatirə şəkli çəkilib.

MİA.AZ