Tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədilə bu günlərdə Azərbaycan Texniki Universitetində keçirilən aktiv məşğulluq tədbirində 160 nəfər tələbə və məzuna boş (vakant) iş yerlərinə göndəriş verilib. Həmin iş yerlərindən 22-si dövlət, 138-i qeyri-dövlət sektoruna aiddir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə
əlaqələr şöbəsindən Mia.az-a daxil olan məlumata görə, Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən təşkil olunan tədbirdə
müasir tələblərə cavab verən ixtisaslı kadrların seçiminin aparılması üçün 705
nəfər tələbə və məzun barədə şəxsi məlumatlar (CV) işəgötürənlərə təqdim
edilib. Tədbir zamanı 45 nəfər şəxs yeni peşələrə yiyələnmələri
məqsədilə peşə hazırlığı kurslarına cəlb olunmaları üçün qeydə alınıb.
Tədbirdə
87-si özəl sektora aid 116 müəssisə tərəfindən ümumilikdə 1245 boş (vakant) iş
yeri tələbə və məzunların seçiminə təqdim edilib ki, onlardan 735-i özəl müəssisələrə
aid olub. Tədbirdə Azərbaycan Memarlıq və İnşaat
Universitetinin tələbə və məzunları da iştirak edib. Digər ali təhsil
ocaqlarında da belə tədbirlərin təşkili planlaşdırılır.