Fyodor Şalyapin adına 41-ci Beynəlxalq Opera Festival 27-28 fevralda Kazan şəhərində iki təntənəli qala-konsertlə başa çatıb.
Mia.az xəbər verir ki, bir aya yaxın keçirilən festivalın xüsusi özəlliyi dahi sənətkarın 150-liyinə həsr olunması və tanınmış müğənni və dirijorları əhatəsinə toplamasıdır.
Festivalın təntənəli bağlanış mərasimində Rusiyanın Bolşoy və Mariinski Teatrının solistlərinin iştirakı yaddaqalan proqram təqdim olunub.
Müğənnilərə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Respblikanın əməkdar artisti Əyyub Quliyevin rəhbərliyi ilə Rusiyanın Bolşoy Teatrının simfonik orkestri və Tatarstan Dövlət Opera və Balet Teatrının xoru müşayiət etmişdir.
Azərbaycanlı dirijorla bərabər konsert proqramında tanınmış italyan dirjoru Marko Boemi və Bolşoy teatrın dirijoru, Rusiyanın əməkdar artisti Anton Qrişanin də yer almışdır. Böyük sənətkar Şalyapinin həyat və yaradıcılığının müxtəlif dövrlərini əhatə edən bədii-musiqili proqram tanınmış rejissor Mixail Pancavidze və rəssam Harri Humel tərəfindən zövqlə tərtib edilmişdi.
Qala konsertlərdə iştirak edən Bolşoy Teatrdan dəvət olunmuş 65 nəfərlik orkestr və solistlər – Azərbaycanın xalq artistləri Dinarə Əliyeva, Elçin Əzizov, Oleq Dolqov, Andrey Valentiy, Aqunda Kulaeva, Anna Aqlatova və Mixail Kazakov, Mariinski teatrın solistləri Axmed Aqadi, Vladimir Vaneev və Mixail Kolelişvili, Tatarstan Dövlət Opera Teatrının solisti Gülnara Qatina və Qoderdzi Janelidzə proqrama xüsusi rəng qatmışdır.
Konsertin birinci bölümündə rus bəstəkarları Raxmaninov, Darqomıjski, Rimski-Korsakov, Borodin, Çaykovski, Musorqskinin əsərləri Azərbaycan, Gürcüstan, Belarus, Rusiyanın Bolşoy və Mariinski Teatrı, Kazan Opera Teatrının solistləri tərəfindən böyük məharətlə ifa edilmişdir. Azərbaycanlı dirijor Əyyub Quliyevun iştirakı ilə Bolşoy Teatrın simfonik orkestri və Tatarstan Dövlət Akademik Opera Teatrının balet solistləri və xorunun ifasında A.Borodinin "Qıpçaq rəqsləri"nin ifası böyük rezonansa səbəb olmuşdur. Konsertin ikinci bölümündə isə Rossini, Verdi, Puççini, Boyto, Quno, Leonkavallonun populyar opera nümunələrilə bərabər məşhur balet artistləri, Rudolf Nureyev filmində baş rolu canlandıran Oleq İvenko, Vaqner Karvalyo və Tatarstanın balet priması Kristina Andreyevanın ifasında "Faust"operasından "Valpurgiya gecə"si sürəkli alqışlarla qarşılanmışdır.
Konsertin qonaqları sırasında olan Rusiyanın Bolşoy Teatrının direktoru Vladimir Urin və Tatarstan Dövlət Opera və Balet Teatrının direktoru Raufal Muxamedzyanov konsertdən sonra iştirakçılara ən xoş arzularını bildirmişlər. Qeyd etmək lazımdır ki, festival çərçivəsində görkəmli dirijor Valeri Gergiyevin idarəsilə Musorqskinin "Xovanşina" operasının ifası da böyük marağa səbəb olmuşdur.
Ləman
Mia.az