Qarabağ Azadlıq Təşkilatı "NİDA”-çı gənclərə ağır cəzaların verilməsi ilə bağlı Ağır Cinayətlər Məhkəməsinin hökmünü qətiyyətlə pisləyən bəyanat yayıb.
Mia.az-a daxil olan bəyanatda bildirilir ki, bu gənclərə onların hərəkətlərinə uyğun olmayan həddindən artıq ağır cəza verilib: "Məhkəmə daha yüngül cəza ilə kifayətlənə bilərdi. Biz gənclərimizin həmişə daha çox Qarabağın düşmən tapdağından azad olunması uğrunda çalışmasını istəmiş və bu yolda olan gəncləri dəstəkləmişik. Lakin fərqli istiqamətdə çalışan gənclərə də ögey münasibət göstərməmişik. Gənclərin siyasi, ictimai cəhətdən fəal olmaları müsbət hal kimi dəyərləndirilməli, onların fəallığı, enerjisi düzgün istiqamətdə yönəldilməlidir.
Biz hesab edirik ki, Azərbaycan hər hansı beynəlxalq təşkilatın tövsiyəsi və diqtəsi ilə deyil, öz iradəsi ilə yaşamağı, ədalətli qərarlar çıxarmağı bacarmalı və özünün inkişaf yolu ilə getməlidir. Azərbaycan özü yanlış qərarları düzəltməyi bacarmalıdır. Hesab edirik ki, bu gənclər barəsində qəbul olunmuş qərar da yanlışdır və bu qərar tezliklə dəyişdirilməlidir. Bu gəncləri həbsdə saxlamağın heç bir mənası yoxdur, onlara imkan verilməlidir ki, cəmiyyət üçün daha yararlı və səmərəli fəaliyyət göstərsinlər".