“Yaxın günlərdə Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel təşkilatçılığı ilə Ermənistan və Azərbaycan tərəflərinin iştirak edəcəyi görüşün keçirilməsi planlaşdırılır”.

“Sputnik-Armenia” xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays gündəlik brifinqində deyib.

O, ABŞ-ın bu görüşdən nəticə gözlədiyini bildirib. N.Praysın sözlərinə görə, ABŞ Ermənistan-Azərbaycan danışıqlarına həddindən artıq nikbin yanaşmasa da, bu danışıqların keçirilməsini dəstəkləməyə çalışır.

“Biz çox nikbin olmağa çalışmırıq, lakin hərtərəfli həll istiqamətində bu dialoqu, bu diplomatiyanı dəstəkləməyə davam edirik”, - Dövlət Departamentinin sözçüsü əlavə edib.

Daha əvvəl ABŞ-ın dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında danışıqlarda əhəmiyyətli irəliləyiş olduğunu açıqlamışdı.

“ABŞ bu prosesin davamlı olacağına ümid edir”, - N.Prays bildirib/Report.

Xatırladaq ki, fevralın 18-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ-ın dövlət katibi Entoni Blinken, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli görüş keçirilib. Daha sonra tərəflər debatda iştirak ediblər.

Lamiyə,

MİA.AZ