Mədəniyyət Nazirliyi Xalq artisti Ramiz Novruzun vəfatı ilə bağlı nekroloq yayıb.

Mia.az xəbər verir ki, nekroloqda deyilir:

"Azərbaycan mədəniyyətinə, ölkəmizin teatr ictimaiyyətinə ağır itki üz verib. Görkəmli sənətkar, Xalq artisti, Prezident təqaüdçüsü Ramiz Novruz 67 yaşında vəfat edib.

Ramiz Qəvvam oğlu Novruz 25 may 1955-ci ildə Biləsuvar rayonu Səmədabad qəsəbəsində anadan olub.

1974-cü ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rejissor Ədil İsgəndərovun rəhbərlik etdiyi kursda təhsil alıb. Təyinatla H.Ərəblinski adına Sumqayıt Dövlət teatrına göndərilib. O, 1981-ci ildə Akademik Milli Dram Teatrının truppasına qəbul olunub.

Ramiz Novruz xalqımız üçün ağrılı-acılı mövzularda bir neçə pyes yazıb. İlk pyesi olan “At ilinin birinci ayı” adlı 20 Yanvar hadisələrindən bəhs edən pyesi 1992-ci ildə Gəncə Dövlət Dram Teatrında, 1996-cı ildə yazdığı “Hələ sevirəm deməmişdilər” pyesi 2002-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulub.

Bundan əlavə Eduardo de Filipponun “Silindr” əsərini rus dilindən azərbaycan dilinə tərcümə edərək rejissor kimi uğurla tamaşaya qoyub, həmçinin bu əsərdə Atilio rolunu ifa edib.

Beynəlxalq teatr festivallarının mükafatçısı olub.

Ramiz Novruzun yaradıcılığının bir qolunu kino fəaliyyəti təşkil edir. Görkəmli sənətkar “Sizi dünyalar qədər sevirdim” filmində general Həzi Aslanov, “Cavad xan” filmində general Sisyanov və s. bir sıra filmlərdə müxtəlif yaddaqalan obrazlar yaradıb.

Teatr sənətindəki xidmətlərinə görə Ramiz Novruz 1993-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1998-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.

Allah rəhmət eləsin!".