Azərbaycan Respublikasınının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən "Karyerada ilk addım” devizi altında növbəti aktiv məşğulluq tədbiri mayın 6-da Azərbaycan Texniki Universitetində keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Mia.az-a daxil olan məlumata görə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbə və məzunlarının da iştirak etdiyi tədbirin məqsədi yuxarı kurs tələbələri və məzunların əmək bazarına inteqrasiyasına, habelə işəgötürənlər üçün ixtisaslı kadrların seçimini aparmaq imkanı yaradılmasına köməklik göstərilməsi olub.
Tədbirdə 78-i özəl sektora aid 109
müəssisə tərəfindən ümumilikdə 875 boş
(vakant) iş yeri tələbə və məzunlara təklif edilib. Vakansiyaların
637-si özəl müəssisələr tərəfindən təqdim olunub. Həmin müəssisələr sırasında
"Ata Holdinq” ASC, "Ata Bank” ASC, "Azərcell Telekom” MMC , "Bakcell LTD” MMC,
Azərfon MMC, "Qarant Sığorta” ASC, "Azərsun”MMC, "Parabank” ASC, "Holcim”
Qaradağ Sement ASC, "Nurgün Motors” MMC, "Norm” Şirkəti və digər iri şirkətlər
də olub.
Tələbə və məzunlar mövcud əmək bazarı haqqında, onların ixtisaslarına olan tələbat barədə məlumat əldə edib, işəgötürənlərlə ilkin əlaqələr qurublar. İşəgötürənlər tələbə və məzunlarla ünsiyyətdə olaraq, gələcəkdə işə cəlb olunacaq ixtisaslı kadrlar seçmək üçün onlardan CV-lər qəbul ediblər. Bununla yanaşı, tədbir zamanı müvəqqəti xarakterli işlərlə təmin olunmaq istəyənlər üçün Səyyar Əmək Birjası da fəaliyyət göstərib.