Ovqatımız gərgin havaya köklənib. Türkiyədə baş verən təbii fəlakət hər birimizin ürəyini göynədir. Bəzən kədəri sözlə də ifadə etmək mümkün olmur. Belə anlarda incəsənətin sehrli gücü insanı ayaqda saxlayır, ona mənəvi qida verir.

Paytaxtın nüfuzlu sənət ocaqlarından saylan Akademik Opera və Balet Teatrı belə həssas günlərdə qapılarını tamaşaçıların üzünə açaraq onları maraqlı səhnə əsərinə baxmağa dəvət etdi. Sənətsevərlərə teatrın uğurlu işlərindən biri olan “Əsli və Kərəm” operası növbəti dəfə təqdim olundu.

Pərdələr açılan kimi Opera və Balet Teatrının çox peşəkar orkestri tamaşaçıları dahi Üzeyir Hacıbəyli musiqisinin sehrinə saldı. Yeri gəlmişkən, bu operanın librettosunu da Üzeyir bəy qələmə alıb. Xalqımızın məhəbbət dastanları arasında populyarlığı və qeyri-adı sonluğu ilə seçilən “Əsli və Kərəm”i araşdırmaçılar təqribən XVI əsrin əvvəllərinin yaşıdı hesab edirlər. Təkcə Azərbaycanda deyil, Yaxın Şərq ölkələrində, eləcə də Orta Asiyada bu dastanın müxtəlif variantları var.

Üzeyir Hacıbəyovun bu dastan əsasında yazdığı “Əsli və Kərəm” operası ilk dəfə 1912-ci il mayın 18-də oynanılıb və tamaşanın quruluşçu rejissoru Hüseyn Ərəblinski olub. Sonrakı illərdə Opera və Balet Teatrı bu əsəri müxtəlif səhnə redaktələrində təqdim edib. Bu operanın uzun müddət qeyri-rəsmi yasaq edildiyi illər də olub. Onun səbəbləri barədə bir azdan söhbət açacağıq...

Tamaşaçılara yeni quruluşda təqdim edilən “Əsli və Kərəm”in rejissor həllinin müəllifi Akademik Opera və Balet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev, dirijoru isə Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

Quruluşçu rejissor bu klassik səhnə əsərində Kərəm obrazını bu dəfə Əməkdar artist, Prezident mükafatçısı Elnur Zeynalova etibar edib. Əsli rolunu oymaq isə teatrın aparıcı solisti Rəvanə Əmiraslanlıya qismət olub. Hadisələri qabaqlayaraq qeyd edək ki, bu iki gənc və istedadlı solistin tandemi tamaşanın uğurlu alınmasını şərtləndirib.   

Keşiş obrazının ifaçısı Taleh Yəhyayevin də çıxışını qeyd etmək lazımdır.

“Boyu sərv, yanaqları al Əsli”

Xanın sarayında xəzinə işlərinə baxan Qara Keşişin Əsli adında gözəl bir qızı olur. Gözəlliyi dillər əzbəri olan Əsli Xanın oğlu Əhməd Mirzə ilə bir-birlərinə aşiq olurlar. Əsli bu hisslərini atasına deməkdən çəkinmir.

Keşiş bu sevdaya mane olmağa çalışır, qızını başqa dindən olan oğlana vermək istəmir. Xanın təkidi ilə Əslini Əhməd Mirzəyə verməyə razılaşsa da hiylə qurur, toy tədarükü görmək bəhanəsi ilə bir neçə aylıq möhlət istəyir və bu müddətdə Əslini də götürərək uzaq ellərə qaçır.

“Ağam Kərəm, Paşam Kərəm, Xan Kərəm”

Gözəl Əslinin eşqi ilə yaşayan Əhməd Mirzə özünə Kərəm adı götürür. Öz sevgisinə yetmək diyar-diyar gəzir, çox çətinliklərlə üzləşir. Nəhayət ki, Hələb elində gözəl Əslini görə bilir.

Lakin burda da muradına yetmir, Qara Keşiş atalıq haqqını əsas gətirərək Əslini Kərəmə verməkdən imtina edir. Hələb şahının hökmündən qorxaraq nəhayət bu izdivaca könülsüz razılıq verir, amma toy gecəsi hiylə qurur. Əsli və Kərəm vüsala yetmədən dünyadan köçürlər.

Əməkdar artist, Prezident mükafatçısı Elnur Zeynalovun yaratdığı Kərəm bütün çətinliklərə rəğmən, sevgisindən dönməyən mərd gəncdir. Tamaşa boyu öz inandırıcı oyunu ilə istedadlı solist dəfələrlə seyrçilərin alqışını qazandı. Onu da vurğulayaq ki, Elnur Zeynalov Opera və Balet Teatrının səhnəsində Məcnun və Aşıq Qərib rollarını da bacarıqla ifa edir. Kərəm də istedadlı xanəndənin uğurlu obrazlarından biridir.

Rəvanə Əmiraslanlı ifaçılıq qabiliyyəti, aktyorluq bacarığı ilə tamaşaçıların rəğbətini qazana bildi. Gənc ifaçının təqdim etdiyi Əsli sevgisi yolunda cəsarətli addımlardan çəkinməyən aşiqdir.

Yazının əvvəlində qeyd etdiyimiz kimi, “Əsli və Kərəm” operası bir müddət səhnədən uzaq qalıb. Bunun da qəribə bir səbəbi var, bəziləri hesab edir ki, əsərdəki Əsli erməni qızıdır və bu üzdən operanı oynamaq düzgün deyil. Amma əslində dastanda qeyri-müsəlman kimi təqdim edilən Əsli erməni yox, alban keşişinin qızıdır. Son dövrlərin tanınmış araşdırmaçıları da Əslinin keşiş qızı olmasını əsas gətirib ona erməni damğası vurulmasını ədalətsizlik sayır və qədim dastana səhv yanaşma hesab edirlər.

Bütün hallarda hiylə qurbanı olan bəşəri bir eşqdən bəhs edən bu maraqlı tamaşanı izləməyə dəyər. Çünki bütün hallarda sənət insanı ruhən əzilməyə qoymur.

Etibar Cəbrayıloğlu