""“Oxu mədəniyyəti” layihəsinin mahiyyətində duran əsas məqam odur ki, gənclərimiz, iqtisadçılarımız həm də şəxsiyyət olmalıdırlar. Şəxsiyyət olmaq həm də öz ədəbiyyatını, mədəniyyətini yaxından bilməkdir. Buna biz necə çataq?”.

Mia.az xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri Rəşad Məcid UNEC-də keçirilən “Oxu mədəniyyəti” adlı layihənin təqdimatında bildirib.

“Nə qədər acı olsa da informasiya texnologiyalarının inkişafı ənənəvi kitabların, qəzetlərin getdikcə öz formasını dəyişməyə gətirib çıxarır. Forma dəyişdiyi üçün yeni texnologiyalar əvvəlki kimi sevdiyimiz kitabları vərəqləməyə imkan vermir. Əlbəttə ki, gənclər arasında böyük həcmli kitabları, romanları elektron variantda oxuyanlar da var. Mən özüm də bir neçə böyük həcmli kitabı elektron variantda oxumuşam. Ona görə də biz bunun qarşısını ala bilməyəcəyik.

Bilik gücdür. Bilik bizə cəmiyyətin mütləq məqamlarında özümüzü üstün hiss etməyə imkan verir. Mən gənclərə kitabı təbliğ edəndə bəzi məqamları vurğulayıram. Kitab oxuyan şəxs mənəvi cəhətdən özünə güvənli olur və həyatın müxtəlif mərhələlərində bu, sənə gərəkli olur. Söhbət daha çox bədii ədəbiyyatdan gedir. Doğma dilində gözəl danışmaq, geniş leksikona malik olmaq və fikrini gözəl ifadə etmək üçün bədii ədəbiyyatı oxumaq vacibdir. Uşaqlıqdan şeir əzbərləmək, poeziya oxumaq önəmlidir. Mən həmişə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı misal çəkirəm. O, gənclik illərindən türk klassik şerlərini əzbər bilirdi və onun bu günkü bəlağətli və gözəl danışığının kökü məhz bununla bağlıdır.

Sürətlə dəyişən dünyada kağız kitab və qəzetin mövcudluğunu qoruyub saxlamaq bizim gücümüz xaricindədir. Bir telefonun içərisində 100 il əvvəl bir romandan aldığın informasiya, bədii zövq müxtəlif formalarda var və cavanlar daha çox buna üstünlük verərək, mənəvi və mütaliə tələbatlarını müxtəlif formalarda alırlar.

...UNEC-in yeni təşəbbüsünü mən yüksək qiymətləndirirəm və əminəm ki, bu sahədə maraqlı ustad dərslər, tələbələrə stimulverici məqamlar olacaq”.

Mia.az