Gənclərimiz köçüb gedirlər. Cümə, yəni həftənin beşinci günü, cəmi altmış-yetmiş nəfərin yığışdığı bir toyda idim. Harada-harada Sumqayıt şəhərində. Bu sətirləri yazanda fikirləşdim ki, çoxları ağız büzüb deyə bilər ki, burada nə var ki?
İnsan imkanı daxilində toy edir, dəvətlilər olur, şadyanalıq keçirirlər. Əslində bu mənim üçün də belədir. Amma zaman və məkan dəyişir.
Bu problemi biz lap çoxdan qaldırmışdıq. Hansı problemi soruşsanız deyim?
Batdı millət, batdı gen yaddaşı, batdı sənin tarixin. Zatən buna bir misal olaraq Rusiyanı imperiya halına gətirən tatarların tarixinə diqqət yetirsək, bir daha aydın olar ki, Rusiya imperiyasının qurucuları tatarlar (türklər) bir neçə nəsildən sonra, çox hallarda milli kimliyini itiriblər.
Baxın, bu gün də Rusiyada çalışan insanlara problem yaradaraq ölkənin vətəndaşlığını qəbul etməyə məcbur edirlər.
Nə isə... Ağ atlı şahzadəni gözləyən xanımdan yazaq. Heç birinin adını yazmıram. Bəyin əlli iki yaşı, xanımın qırx iki. Bəy belorus xanımına evli olub, özü boyda bir oğlu var, hətta gətirib Bakıda dostlarımız tərəfindən sünnət elətdirib. Bu adam sıravi bir adam olsa da, Minskdə yaşayan dostlarımın ən önəmlisidir. On səkkiz yaşında Azərbaycandan çıxıb, daha geri qayıtmayıb. Dörd qana qaynaşan bir belorus, ziyalı xanımla evlənib. İzdivaclarından bir erkək uşaq da dünyaya gəlib.
Zatən, o, bunun peşmançılığını çəkmir. Amma illər ötdükcə (bunun hamısını mənə danışıb) vətən nisgili, vətən həsrəti, danışdığı dildə, ləhcədə ona cavab verilməməsi onun həsrətini ağırlaşdırıb, ona bir yük edib. Arada mənə deyirdi ki, artıq qocalıram, amma evimdə türkcə, mənim dilimdə danışan yoxdur. Sual verdim: Yəni sənin nəslin bununla bitəcəkimi? Savadı yoxdur, ancaq erudusiyalıdır.
Dünyanın siyasətindən danışar, deməzsən ki, bu adam sıradan birisidir. Bu yaşda, bu başda siyasətlə məşğul olanlar ona həsəd apara bilərlər. Vətənini, dövlətini (Azərbaycanı nəzərdə tuturam) sevən insanları harada taparsan belə?
Keçək gəlinə!
Qırx iki yaşına qədər ismətini, namusunu qorudu. Qırx iki yaşına qədər ailəsinin, atasının-anasının üstünə çamur, ləkə, palçıq atılmasın deyə canını qurutdu, özünü qurutdu, amma alçalmadı, başqa yollara düşmədi. İsmətini, namusunu qorudu. Bəlkə də belə ölməyə qərar vermişdi. Ancaq gözlədiyi ağ atlı oğlan-əlli iki yaşında bəy gəlib çıxdı.
Hər gün hadisələrlə doludur, amma ismətini qoruyan qızlarımızın hadisələri getdikcə azalır. Bu da Avropa Şurasının bizə sırıdığı prinsiplərdir.
İsmətini qoruyan qızlar!
Tanrı sizə yar olacaq!