Elxan ŞÜKÜRLÜ
***
Qafqaza müasir Qərb demokratiyasının cəlbedici nümunəsini gətirmiş sabiq Gürcüstan prezidenti Saakaşvilinin həbsxanadan yayılmış növbəti ürəkparçalayıcı görüntüləri Qərbin yalan vədlərinə inanaraq ölkəsinin maraqlarını təmin edə biləcəyini düşünən bütün siyasətçilərə bir dərs, ibrət olmalıdır!
İndi çoxları Saakaşvilinin bu hala düşməsini onun çılğın və emosional qafqazlı xarakterinə bağlayaraq, əsas təqsiri Rusiya prezidenti Putində görsələr də, gerçəklik budur ki, Saakaşvili həm də Qərbin pərdəarxası sövdələşmələr üzərində qurulmuş riyakar siyasətinin gözlər önündə can verən qurbanıdır.
Doğrudanmı, hesab edirsiniz ki, bir gün içərisində öz sərhədlərindən minlərlə kilometr uzaqlıqda yerləşmiş ölkələrə qondarma bəhanələrlə qoşun yeridən, milyonlarla günahsız insanı qətlə yetirən ABŞ, NATO və yaxud da özünü “insan hüquqlarının qoruyucu mələyi” elan etmiş Avropa İttifaqı Saakaşvilinin azadlığa buraxılması üçün ciddi bir əsas tapa, Gürcüstan hakimiyyətinə və məhkəmələrinə hər hansı təsir göstərə, yaxud onun müalicəsini təşkil edə bilmir?! Deməli, Saakaşvilinin həbsdə olması, hətta orada ölməsi hər kəsdən daha çox, indi elə Qərbə - ABŞ və Avropaya lazımdır!
Hər məhkəmə prosesində Ukrayna ilə bağlı hansısa mesajları çatdırmağa çalışan Saakaşvili Qərblə Rusiya arasında növbəti sövdələşmə məkanının Ukrayna, qurbanlığın da Zelenski olacağını ən yaxşı bilən siyasətçilərdəndir.
Görünür, bütün dünyanı Saakaşvilinin müdafiəsinə çağıran Zelenski də artıq bunu anlayıb.
Məlumatı olmayanlara xatırladım ki, Saakaşvili 2019-cu ilin avqustunda Rusiya-Gürcüstan savaşı haqda “Institute for War and Peace Reporting”-in (IWPR) müxbiri Vaje Tavberidzeyə müsahibəsində ən böyük səhvinin Qərbə həddən artıq inanmasının olduğunu demiş və Qərbi açıq-aşkar riyakarlıqda, Rusiya ilə pərdəarxası sövdələşmədə ittiham etmişdi.
MİA.AZ