Zülfiyyə Mustafayeva
***
Mənim üstümə düşüb linç etməkdən əvvəl yazdıqlarımı diqqətlə oxuyun.
Narkotiklə mübarizə aparmayaq, demirəm. Deyirəm ki, pullu müalicə yerlərinə narkoman toplamaq həvəsilə bu sahədə görülən digər faydalı işləri dagıtmayaq. O işləri ki, orada nə reklam, nə pafos, nə gəlir, nə də qazanc var. Orada yalnız maarifləndirmə və daha böyük zərərdən çəkindirmə, qoruma var. Niyə bir işi görəndə, o biri işi vurub dagıtmalıyıq?
Sözüm bloqerlərədi. Onlar da mənim kimi ictimai fikrə təsir etmək iddiasında olan adamlardı. Mən iddiamı inkar etmirəm. Amma çalışıram, yaxşı işlərə dəstək verim və hamının ümumi dərdindən qazanc fikrinə düşməyim.
Narkotik son əsrin böyük bəlasıdı. Kim desə ki, onunla mübarizə aparırıq və ya aparacaqlar və sairə və ilaxır, mən buna yalnız gülərəm. Neçə illər narkotik növzusunu çeşid-çeşid araşdıran adam kimi deyə bilərəm ki, bu bəladan qurtuluş yoxdu. Narkotiksiz dünya olmayıb və olmayacaq da. Sadəcə, onun növləri dəyişəcək, yeniləri ortaya çıxacaq və ətrafımızda həmişə narkotik istifadəçisi görəcəyik.
Bloqerlərin narkotikdən müalicə, reablitasiya müəssisələrinə adam toplamaq istəyini anlayıram. Mən özüm neçə illər belə reablitasiya yerlərinin açılması üçün təbligat aparmışam, təkliflər vermişəm. Amma mənim istədiyim reablitasiya pulsuz, dövlətin hesabına olmalıydı. Sadəcə, bu müəssisələrin saxlanması baha başa gəldiyi üçün və üstəlik “rentabellik” (yəni, məsələn, “100 nəfərdən neçəsi sagalar” məsələsi) olmadıgı üçün, qeyri-hökumət təşkilatları (QHT) hökuməti bu təklifə razı sala bilmədi.
Sonra özəl reablitasiya yerləri açılmaga başladı. İndi maşallah, sayı çoxdu. Müalicənin də qiymətinin elə maşallahı var. Olsun. Hətta bir insanın həyata dönməsinə dəyər o pullar.
Mən bir dəfə reablitasiya ilə məşgul olan həkimdən soruşdum ki, niyə bu qədər baha eləmisiniz?
Dedi: “narkotikə yerin dibindən pul tapırlar. Buraya da tapsınlar”.
Narkotik istifadəçisi pul tapa bilməyəndə də, araçılar peyda olur. Yəni, indiki bloqerlər. İstifadəçini tapırlar, camaat onun düşdüyü vəziyyətə aglaya-aglaya pul yıgır.
Buna da “eyvallah” olsun. Adam sagalsın təki. Amma bu bloqerlərin işi bununla bitmir axı.
Ardını “AİDS-lə Mübarizə” İctimai Birliyinin sədri Nofəl Şərifov desin: “Biz zərərin azaldılması layihələri çərçivəsində narkotik istifadəçiləri arasında maarifləndirmə və profilaktika ilə illərdi, məşgul oluruq. Onların vasitəsilə infeksion xəstəliklərin yayılmasının qarşısını alırıq. Müalicəyə də yönəldirik. Bunu həyata keçirən peşəkar işçilərimiz var. Biz illər boyu bu işçiləri yetişdiririk. Onların çoxu keçmiş istifadəçilərdi. Özü də eləsi var ki, tibbi müdaxiləsiz, özü öz iradəsi ilə narkotik asılılıgından xilas olub. Bu layihələr Azərbaycan hökumətinin, aidiyyatı dövlət qurumlarının və həmçinin qanunvericiliyin dəstəklədiyi işlərdi. Elə təkcə onu demək kifayətdi ki, məhz zərərin azaldılması layihələrinin sayəsində ölkəmizdə İİV virusunun (HİV/SPİD- Z.M.) narkotik istifadəçiləri arasında yayılması sürətlə aşagı düşüb. Amma bloqerlərin narkotik çəkilişləri ortaya çıxandan bəri bizim layihələr zərər görməyə başlayıb”.
Bəli, bloqerlər harada, necə gəldi, kimi gəldi, çəkə-çəkə QHT-lərin layihə işçilərinin “anasını agladır”: “Təsəvvür edin, onların yaydıgı süjetlərə düşənlərin arasında bizim işçilər olur, polis narkotiki satan və istifadə edənlə birlikdə bizim işçiləri də həbs edir. Sonra hətta biz işçini polisin əlindən qurtarsaq da, artıq o, bizimlə işləmək istəmir. Həmin işçinin yol tapdıgı istifadəçi qrupunu da, işçini də itiririk”.
Yəni, bloqerlər reablitasiya üçün adam yıgacam deyə, narkotik istifadəçilərinin olan-qalanını açıb ortaya qoyaraq, başqa bir işi yerlə-yeksan edir.
Olmazmı, cəmiyyət üçün əhəmiyyətli işlərdə əl-ələ verək, bir-birimizə mane olmayaq, qaş düzəldəcəm deyə, gözü vurub çıxarmayaq?
Reablitasiya yerlərində ancaq pulu olanlara xidmət edirlər.
QHT-lərin də narkotik istifadəçiləri arasında apardıgı profilaktika işləri isə pulsuzdu.
MIA.AZ