Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) istefalarla bağlı açıqlama yayıb.
İttifaqdan MİA.az-a bildirilib ki, ARKİ-nin Nizamnaməsinə əsasən səbəbindən asılı olmayaraq istənilən üzv olan şəxs istənilən vaxt üzvlükdən imtina etməklə əlaqədar ərizə ilə müraciət edə bilər: "Mətbuatda adları təqdim edilən ARKİ-nin bəzi üzvlərinin üzvlükdən imtina etməsi ilə əlaqədar bildiririk ki, üzvlükdən imtina ilə əlaqədar ARKİ-yə heç bir müraciət daxil olmayıb. Adları mətbuata təqdim edilən bəzi üzvlərlə əlaqə saxlanılıb, lakin həmin üzvlər xəbəri mətbuatdan eşitdiklərini və üzvlükdən imtina barədə nə şifahi, nə də yazılı müraciət etmədiklərini ifadə edərək əksinə adlarından istifadə edərək bu xarakterli məlumatın yayılmasına tənqidi yanaşdıqlarını bildirib".
Xatırladaq ki, Kinematoqrafçılar İttifaqı 2012-ci il iyunun 21-də yaradılıb. Həmin gündən İttifaqın sədri vəzifəsini Xalq artisti Şəfiqə Məmmədova tutur.