Naxçıvan Dövlət Universitetinin elm və tədris proseslərinin tənzimlənməsi sahəsində əldə etmiş olduğu potensial ardıcıl, sistemli və çoxistiqamətli araşdırmaların da həyata keçirilməsinə zəmin yaratmaqdadır. İstər nəzəri biliklərin əsaslandırılması, istər təcrübəyə keçidin etibarlılığının təmin olunması, istərsə də, dayanıqlı ixtisaslaşma mühitinin əlverişliliyinin gücləndirilməsi ali məktəbin çox mühüm göstəricilərindən birini təşkil etməkdədir.
Azərbaycan dövlətinin təhsil sahəsində də uğurla həyata keçirmiş olduğu islahatlarına uyğun olaraq, Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2022-ci il tarixli Fərmanının olduqca mühüm əhəmiyyətini qeyd etmək yerinə düşər. Burada mühüm məqsəd isə təbii olaraq, elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsindən ibarət olmaqdadır.
Həmin tədbirlərin tərkib hissəsi olaraq, Naxçıvan Dövlət Universitetində də hər iki mühüm istiqamətin səmərəli və perspektivli vəhdəti, eyni zamanda, koordinasiyası təmin olunmuş, bu isə özünü elmi araşdırmaların sistemliliyində göstərməkdədir.
Universitet əməkdaşlarının, professor-müəllim heyətinin çap məhsullarının sayı artmış, onun keyfiyyət göstəriciləri yüksələn dinamikaya sadiq olmuşdur. Təkcə 2022-2023-cü tədris ilinin birinci yarısı ərzində Naxçıvan Dövlət Universitetinin magistratura təhsil səviyyəsində 30 metodik vəsait çap olunmuşdur. Qeyd etmək olar ki, bu, magistrantların rəhbələrinin elmi məsləhətçiliyi ilə dissertasiya işlərini nəşr etdirməsinin nəticəsidir. Həmçinin, bu, həm də, magistrlərin tədris proseslərindəki fəallıqları ilə yanaşı, həm də onların elmi araşdırmalar sahəsindəki bilik, bacarıq və vərdişlərinin çox mühüm nəticələri olmaqdadır. Bununla yanaşı, universitet tələbələrinin ali məktəbin Elmi Kitabxanasında mütaliyələrdə olması onların müvafiq təcrübə sahəsində daha da peşəkar olmasına istiqamətlənmişdir.
Bu sahədəki proseslərin ardıcıllığını və əhatəsini izləyərkən, aydın olur ki, ali məktəbdə elm və tədris proseslərinin şaxələnməsi və əlaqəliliyi, öz özlüyündə yeni çap məhsullarının kütləvi oxucularla görüşməsinə zəmin olmuşdur. Həmin vəsaitlərin içərərisində dərsliklərin, dərs vəsaitlərinin, monoqrafiyaların, fənn proqramlarının, metodik göstərişlərin və digər əsərlərin yer aldığını görmək olar.
Naxçıvan Dövlət universitetində həyata keçirilən məqsədyönlü tədris tədbirləri:
- onun bütün tələbələrinin müəllimlərlə birgə, qarşılıqlı müzakirələr müstəvisində elmi tədqiqat işlərində fəallığına zəmin yaratmasına;
- Tələbə Elmi Cəmiyyətinin xətti ilə elmi araşdırma işlərinin keyfiyyət tərkibinin artan dinamikada təşəkkülünə yol açmasına;
- beşillik Elmi Tədqiqat İşlərinin hər biri aktual mövzular üzrə tamamlanmaqda və onun nəticələrinin kollektiv monoqrafiyalar şəklində çap olunmasına;
- nüfuzlu elmi nəşrlərlə əməkdaşlıqların daha etibarlı və əhatəli olmaqla, davam etməsinə;
- universitetlərarası elmi və pedaqoji təcrübələrin ardıcıl mübadilə olunmasının perspektivliliyinə zəmin yaratmışdır.
Bu bəhs olunan amillər, öz elmi, sosial və məntiqi davamlılığı ilə seçilməkdədir.
Bu günlər Naxçıvan Dövlət Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru Əli Cabbarovun müəllifliyi ilə iki kitabın çap olunması qeyd olunan məsələlərin gerçək nəticəsi olaraq qiymətləndirilməlidir. Kitablar, “Bu yol Şuşa yoludur” və “Naxçıvan Muxtar Respublikasının turizm marşrutları” adları ilə tarixi Zəfərimizin qazanılması və ölkəmizin milli iqtisadi islahatlar müstəvisində əldə etmiş olduğu uğurların, qürurların və perspektivlərin olduqca zəruri ifadəsini təşkil etməkdədir.
Hər şeydən əvvəl onu qeyd etmək lazımdır ki, kitablar, müəllifin çox böyük vətənpərvərlik ruhu ilə işlənmiş, peşəkarlığı ilə təhlillər aparılmış və milli iqtisadiyyatımızın uzunmüddətli perspektivlərini ifadə edən nəticələri ilə tamamlanmışdır. Bütövlükdə, 136 səhifədən ibarət olan “Bu yol Şuşa yoludur” adlı kitabını vərəqləyərkən əsasən müzəffər Ali Baş Komandanımızın, qəhrəman Milli Ordumuzun, qədirbilən xalqımızın birliyi ilə, boynumuzda haqqları olan əziz şəhidlərimizin (müqəddəs ruhları qarşısında baş əyirik) doğma canları bahasına İkinci Qarabağ Müharibəsinin tarixi Zəfərimizlə nəticəlnməsinin ifadəsi olan torpaqlarımızın işğaldan azad olunmasını ifadə edən məqalələrin yer aldığını görməkdəyik.
Əli Cabbarovun ardıcıl və davamlı araşdırmalarının nəticəsi olan məqalələr, ölkəmizin nüfuzlu qəzetlərində, saytlarında və digər informasiya vasitələrində yayımlanan əsərlərinin toplusu olan kitabda 22 oktyabr 2020-ci il tarixindən 26 noyabr 2022-ci il tarixinə qədər 33 məqaləsi, yəni çoxsaylı elmi və publisistik əsərlərinin yalnız doğma Şuşamızla bağlı olan hissəsini özündə əks etdirməkdədir. Təcrübəli alim, burada, sanki, Şuşa yolunun tarixi Azərbaycan ərazisi olmaqla, yönünü, istiqamətini, cizgilərini göstərir və onun abadlığı sahəsində dövlətimizin genişmiqyaslı quruculuq tədbirlərini oxucuya qürurla təqdim edir.
Xüsusilə, “Torpağıma dönəcəyim gün gələr”, “Bakı-Xankəndi-Şuşa turizm marşrutu”, “Doğma torpaqlara qayıdanda müqəddəs Əshabi Kəhfdən torpaq aparacağıq ki, paklaşsın”, “Əsgərlərimizdə həmişə böyük ruh yüksəkliyi var idi”, “İşğal sonrası Qarabağ iqtisadiyyatı və turizmin inkişafı”, “Naxçıvan Dəmir Yolu dünya şəbəkəsinə qoşulmağa tam hazırdır”, “Dəmir Yumruq”, “Qars müqaviləsindən Zəngəzur dəhlizinə aparan Böyük Türk qapısı - Naxçıvan”, “Naxçıvan – Zəngəzur - Şuşa turizm marşrutu (I və II hissələr)”, “Şuşa gözəldir”, “Şuşanın novruz büsatı (esse)”, “Mən Şuşama vurğunam” və digər məqalələr müəllifin tamamlamış olduğu kitabın oxucusu ilə görüşən qürurdolu məqalələri içərisində yer almışdır. Bu məqalələr, ölkənin milli iqtisadiyyatı üçün prioritet təşkil etmiş olan reallıqları içərisindədir. Belə ki, həmin məqalələrlə tanış olduqda işğaldan azad olunan ərazilərimizin, xüsusilə də, Şuşanın elmi, mədəni, iqtisadi, sosial və siyasi önəmindən bəhs olunmuşdur.
Əli müəllimin kitabda yer alan məqalələri, Xalq Qəzeti, Mia.az, Şərq Qapısı, Axar.az və s. kimi nüfuzlu qəzet və saytlarda çap olunmuşdur.
Əli müəllim Şuşa yolunu könlünün səsi ilə təqdim edir. Məqalələri oxuyan hər bir oxucuya, o cümlədən, məktəblisinə, tələbəsinə, zəhmətkeşinə, ziyalısına, sənətkarına, aliminə, həkiminə, bütövlükdə, bütün sahələrdən olan Azərbaycan vətəndaşlarına əl-ələ verərək, doğmalıqla, özlənti, həyəcan, ürək çırpıntısı ilə, aşiqlə məşuqun görüşünə tələsərcəsinə Şuşanı görməyə səslənir. İşğaldan azad olunan digər ərazilərimiz kimi, Şuşamıza da Dəmir Yumruqla yeni həyatın, yeni nəfəsin gəldiyini ifadə edən Əli Cabbarov, hər birimiz üçün qürurverici olan dövlət başçımızın “əgər kimsə revanşist fikirlərlə yaşayarsa, bax, bu yumruğu görəcək, bu, yerindədir və bizim səbrimizi sınamasınlar. Ermənistan ordusu bitdi, yoxdur və olmamalıdır” fikrini iftixarla təqdim edir.
Kitabda bütövlükdə, Cənubi Qafqazda etibarlı sülhün təmin olunması müstəvisində Zəngəzurun tanışlıq, rekreasiya və tranzit perspektivlərinin turizm dövriyyəsinə cəlb olunması bu regionda həlli vacib olan olduqca zəruri məsələlərdən biridir. Məqalədə, bu sahədə elmi cəhətdən əsaslandırılmaqla, proseslərin əhəmiyyətindən bəhs olunur. Göstərilir ki: “10 noyabr 2020-ci il tarixində Azərbaycan, Rusiya və Ermənistanın birgə imzaladığı üçtərəfli razılaşmanın şərtlərinə əsasən bölgədə kommunikasiyaların yenidən açılması bu turizm marşrutunu da xəyallardan geriyə çevirəcəkdir. Tank üstündə olmasa da, bu dəhliz vasitəsilə 101 il əvvəl olduğu kimi azərbaycanlılar buradan keçərək İslam Mədəniyyətinin Paytaxtı Naxçıvandan Azərbaycanın Mədəniyyət Paytaxtı Şuşayadək bütün Zəngəzura, ordan da Qərbi Azərbaycana çıxış yolu əldə edəcəklər”.
Əli müəllimin “Bu yol Şuşa yoludur” adlı kitabında yer məqalələrini bu fikirlərlə yekunlaşdırır: xalqımızın ümummilli lideri böyük Heydər Əliyev “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan ola bilməz” demişdir. Bu gün isə, bütün azərbaycanın dilində bir şüar vardır: “Şuşa bizimdir, Qarabağ Azərbaycandır!” Ölkə Prezidenti, ali Baş Komandan cənab İlham Əiyevin Böyük Qələbə münasibətilə verdiyi “Əziz Şuşa, biz qayıtmışıq!” müjdəsindən sonra yaranmış yeni reallıq isə addım-addım bizi tarixi torpaqlarımız Zəngəzura da qayıdacağımız günə yaxınlaşdırır.
Naxçıvan Dövlət Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru Ə.X.Cabbarovun müəllifliyi ilə çap olunan növbəti kitab isə “Naxçıvan Muxtar Respublikasının turizm marşrutları” adlanır. Bu kitab da ölkənin milli iqtisadiyyatında ənənvi sahələrlə yanaşı, yeni iqtisadi prioritetlərin nəzərə alınması müstəvisində tamamlanan və elmi cəhətdən əsaslandırılmış növbəti əsərdir. 160 səhifə həcmində olan bu kitab, hər şeydən əvvəl Əli Cabbarovun iqtsadçı kimliyinin ifadəsi, təhlilçi bacarıqlarının sübutu, peşəkar mütəxəssis olaraq yanaşmasının məhsulu da adlandırmaq olar. Əli müəllim bu kitabları həm də bir təcrübəli pedaqoq olaraq ərsəyə gətirmişdir. Tələbələrlə ünsiyyətdə olmağı, öz biliyini onlarla bölüşməyi xoşlayan, fəaliyyətinin mənasını elm və tədris proseslərinin içərisində olmaqda görən Əli Cabbarov, elə bu kitablara tələbələrinə, gənclərə, gələcəyimizə çox qiymətli ərmağanlar olaraq müəlliflik etmişdir. Kitab dörd fəsildən ibarətdir. “Turizm marşrutu və onun mahiyyəti” adlanan birinci fəsildə müəllifin dörd, “Naxçıvan Muxtar Respublikasının əsas turizm marşrutları” adlanan ikinci fəsildə səkkiz, “Naxçıvan Muxtar Respublikasının perspektiv turizm marşrutları” adlanan üçüncü fəsildə 11, “Naxçıvan-Zəngəzur-Şuşa turizm marşrutu” adlanan dördüncü fəsildə isə iki paraqraf araşdırılmışdır.
Birinci fəsildə:
- “Turizm marşrutu anlayışı”;
- “Turizm marşurtlarına qarşı qoyulan müasir tələblər”;
- “Turizm marşurtlarının yaradılmasına təsir edən amillər”;
- “Naxçıvan Muxtar Respublikasının turizm marşrutları və yaranma amilləri” əsaslandırılmışdır.
İkinci fəsildə:
- “Naxçıvan-Əshabi Kəhf turizm marşrutu”;
- “Naxçıvan-Şahbuz Batabat turizm marşrutu”;
- “Naxçıvan-Əlincə turizm marşrutu”;
- “Naxçıvan-Şahbuz Ağbulaq turizm marşrutu”;
- “Naxçıvan-Qarabağlar turizm marşrutu”;
- “Naxçıvan-Ordubad turizm marşrutu”;
- “Naxçıvan şəhəri üzrə ekskursiyalar” tədqiqat obyektinə cəlb olunmuşdur.
Üçüncü fəslin araşdırılmasında isə aşağıdakı mövzular yer almışdır:
- “Naxçıvan-Kükü – Gurbulaq turizm marşrutu”;
- “Naxçıvan-Sədərək turizm marşrutu”;
- “Naxçıvan-Badamlı turizm marşrutu”;
- “Naxçıvan-Haçadağ turizm marşrutu”;
- “Naxçıvan-Çənnəb turizm marşrutu”;
- “Naxçıvan-Gəmiqaya turizm marşrutu”;
- “Naxçıvan-Nehrəm turizm marşrutu”;
- “Naxçıvan-Dırnıs turizm marşrutu”;
- “Naxçıvan-Keçili turizm marşrutu”;
- “Naxçıvan-Şərur -Şahbulaq turizm marşrutu”;
- “Naxçıvan-Ordubad -Göygöl turizm marşrutu”.
Dördüncü fəsildə isə:
- “Naxçıvan-Qərbi -Zəngəzur-Şuşa turizm marşrutu”;
- “Naxçıvan-Şərqi Zəngəzur-Şuşa turizm marşrutu” adlı mövzular əhatəliliyi ilə araşdırılmışdır.
Mövzulara diqqət etdikdə aydın olur ki, müasir iqtisadi şəraitdə, milli iqtisadiyyatın uzunmüddətli perspektivləri prizmasında aktuallığı ilə seçilmiş olan turizm bölməsinin təşəkkülü, bu sahədə infrastruktur təsisatlarının əhəmiyyətliliyi, turizm sahəsinin məşğulluq çəkisi, əmək ehtiyatlarından istifadə olunması və digər məsələlər həm əhatə olunub, həm də şaxəli araşdırmalar üçün etibarlı elmi baza formalaşdırılmışdır.
Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq olunmuş Milli İqtisadiyyat və İqtisadiyyatın Əsas Sektorları üzrə Strateji Yol Xəritələrinə aid olan 12 istiqamətdən biri də “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” olmuşdur. Məhz bu mənada da, Əli müəllimin tamamlamış olduğu “Naxçıvan Muxtar Respublikasının turizm marşrutları” adlı kitabı eyni zamanda, malik olduğu yüksək makroiqtisadi əhəmiyyətinə görə də aktuallıq kəsb etmişdir. Həmçinin kitab, milli iqtisadiyyatın diversifikasiya proseslərinin hərəkətverici qüvvəsi olan turizm bölməsinin dövlət tərəfindən tənzimlənməsinin olduqca mühüm tərəflərini özündə əks etdirməkdədir. Turizmin iqtisadi, sosial, mədəni, tarixi, tibbi, dini, ideoloji və digər çoxistiqamətli bölmələri üzrə təşəkkülünü və perspektivlərini bu kitabda görmək olar.
Beləliklə, Naxçıvan Dövlət Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru Əli Cabbarovun müəllifliyi ilə çap olunan hər iki kitab elmi və təcrübi baxımdan aktualdır. Xüsusilə, bu kitablar, tələbələr, magistrlər, doktorantlar, araşdırmaçılar, mütəxəssislər və digər maraqlı tədqiqatçılar üçün olduqca zəruridir. Müəllifin kitabları eyni zamanda, elmi və publisistik imzanın ortaq təqdimatını paralel qaydada olmaqla, tənzimləyə bilir.
Cavadxan Qasımov,
Naxçıvan Dövlət Universitetinin dosenti,
İqtisad üzrə fəlsəfə doktoru
Mia.az