Xalq artisti Qurban İsmayılov "Düzünə qalsa" proqramında həyatı barədə maraqlı faktlar açıqlayıb.
Mia.az xəbər verir ki, o, vaxtı ilə çox içki düşkünü olduğunu deyərək, hətta bir dəfə həyatı ilə vidalaşmaq üzrə olduğunu etiraf edib: "Üstümə təcili tibbi yardım gəldi, məni təzədən həyata qaytardılar..."
Xalq artisti bir ara alver etmək istədiyini, ancaq bu cəhdinin də boşa çıxdığını bildirrb: "Bəzən aktyor olmağıma peşman olmuşam, hətta sənətdən küsüb getmişəm də. Dedim alver edəcəm. Ukraynada yaşayan qohumuma zəng etdim ki, nə lazımdır? Dedi, gör konyak gətir. Risk etdim, 40 konyak alıb getdim. Bileti sən demə, başqa qatara almışam. Sonra öz qatarıma keçdim, onda da yatıb qalmışam. Konyaklar ucuz qiymətə satıldı, uşaq corabları aldım o pula ki, satım. Heç o da satılmadı, pul çıxmadı".
Xatırladaq ki, Qurban İbrahim oğlu İsmayılov Ağcabədidə anadan olub.
8-ci sinfi bitirdikdən sonra Bakıya gəlib, 3 nömrəli peşə məktəbində mürəttib peşəsinə yiyələnib (1975). Peşə məktəbində oxuduğu illərdə dram dərnəyinə yazılıb. “Azərnəşr”in binasında yerləşən Mədəniyyət İşçilərinin Evində fəaliyyət göstərən “Damğa” Satirik Xalq Teatrının truppasında çıxış edib. Gənc Tamaşaçılar Teatrında səhnə maşinisti kimi çalışmağa başlayıb. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1981-1985). İnstitutun son kursunda “Tədris” teatrında, daha sonra Gənclər Teatrında (1989-2009), bir neçə ay “Azkonsert”in nəzdində fəaliyyət göstərən Miniatür Teatrında, təsərrüfat hesablı “Nəsimi” folklor teatrında çalışıb. 2009-cu ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Araz Teatr-Studiyasının rəhbəridir.
Xarici film istehsalçılarının “Studentı International” (2006, rejissor Olqa Perunovskaya / Rusiya) serialında Salambəy rolunda, “Raami” (2007, rejissor Babək Şirinsifət / İran) filmində sürücü rolunda, “Biz sizə müharibə elan edirik” (2010, rejissor İqor Xolodkov / Rusiya) serialında Əlipaşa rolunda, “Əli və Nino” (2015, rejissor Asif Kapadia / Böyük Britaniya) filmində qazı rolunda, “Sakitlik dənizi” (2016, rejissor İsmayıl Səfərli / Rusiya) qısametrajlı filmində çəkilib.
“I Eksperimental Tamaşalar Festivalı”nda “Mühacirlər” əsərində ifa etdiyi II mühacir roluna görə “Ən yaxşı kişi rolu” nominasiyasında mükafata (1995, Bakı), “Mən gəldim, qızlar” (“Müharibə”) əsərində canlandırdığı kor ata obrazına görə “Humay” mükafatına (2014), “Nar bağı” filmindəki roluna görə 13-cü Avrasiya Beynəlxalq Film Festivalında “Ən yaxşı aktyor” mükafatına (2017) layiq görülüb. Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Sənətkar” medalı ilə təltif olunub (2021). Əməkdar artist (2012), Xalq artistidir (2018).
Mia.az