Şəfiqə Məmmədova yenidən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin Sədri seçilib.
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı məlumat yayıb.
Xalq artistinin yenidən sədr seçilməsi ölkədə kino sahəsində fəaliyyət göstərən iki ittifaqın birləşməsi ehtimalını azaldıb.
Xatırladaq ki, ölkəmizdə iki (Azərbaycan Kinematoqrafçılar İttifaqı və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı) kino ittifaqı fəaliyyət göstərir.
Xalq artisti Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçilməsi dönəmində də cəmiyyətdə ittifaqların birləşməsi məsələsi gündəmə gəlmişdi.
Bir neçə gün öncə Mədəniyyət naziri Anar Kərimov Azərbaycanda kino sahəsində fəaliyyət göstərən şəxslərlə görüşərək, onların irad və təkliflərini dinləyib.
Qeyd edək ki, müzakirələr 5 saata yaxın davam edib.
Mətbuata qapalı keçən görüşdə ittifaqların birləşdirilməsi məsələsinin də müzakirə olunduğuna dair iddialar var.
Mia.az bildirir ki, məsələ ilə bağlı Cebhe.info-ya danışan Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev yeni sədr təyinatına münasibət bildirməsə də, iki ittifaqın mövcudluğunun gülməli olduğunu deyib: “Kino ittifaqı bir olmalıdır, hansı olacaqsa olsun, lakin biri olmalıdır. İki ittifaq gülməli çıxır. Nazirlik ittifaqları müəyyənləşdirmir. Onu daha yuxarı instansiyalar həll eləməlidirlər. Bu məsələ nazir səlahiyyətində deyil”.