"Azərbaycanfilm" kinostudiyası və Mədəniyyət Nazirliyi Xalq artisti, rejissor Vaqif Mustafayevin qanunsuz olaraq internetə sızdırılan “Həyat, deyəsən, gözəldir” bədii filmi ilə bağlı tənqidlərə cavab verib.

Kinostudiyanın mətbuat katibi Ramil Ələkbərov bildirib ki, ekran əsərinin pirat versiyasının qeyri-qanuni yollarla yayıldığından xəbərləri var.

"Onların bəzilərinin qarşısını aldıq. Filmin mülkiyyətçisi, sahibi "Azərbaycanfilm" kinostudiyasıdır. Mülkiyyətçinin icazəsi olmadan hər hansı bir əsərin yayıması və istifadəsi qadağandır. Bu, həm də sənətə hörmətsizlikdir. Üstəlik yeni bir filmi, hələ ölkə ərazisində geniş tamaşaçı auditoriyası qarşısına çıxmamış bir filmi öz malın kimi yaymaq həm qanuna ziddir, həm də əxlaqa", - o söyləyib.

"Azərbaycanfilm" kinostudiyasının rəsmisi “Həyat, deyəsən, gözəldir”in tənqid olunmasını normal sayır: "Əlbəttə, filmin tənqidi olmalıdır, amma kütləvi baxışdan və ya heç olmazsa, mülkiyyətçi tərəfindən kinotənqidçilər üçün reallaşdırılan qapalı baxışdan sonra. Kino yaradıcı məhsuldur, müəllifin - rejissorun, ssenaristin və digər müəllifləri subyektiv baxışları əsasında formalaşır. Bu yaradıcı baxış digər yaradıcı baxışlarla üst-üstə düşməyə bilər, bu təbiidir. İstənilən sənət əsərində belədir. Real, məntiqli, əsaslandırılmış tənqid isə hər zaman lazımdır. Ən azından sənətin inkişafı üçün. Biz belə tənqidlərə hər zaman açığıq. Kinostudiya olaraq məqsədimiz keyfiyyətli məhsul istehsal edərək həm bu sənətin inkişafına dəstək olmaq, kadr potensialını möhkəmləndirmək və stimul yaratmaqdır”.

Mədəniyyət Nazirliyindən isə bildirilib ki, bədii filminin qanunsuz olaraq internetə sızdırılan işçi materialının filmin Bursada keçirilən 2-ci “Korkut Ata” Türk Dünyası Film Festivalında “Ən yaxşı rejissor” nominasiyasının qalibi olan, ən son təsdiqlənmiş versiyasına heç bir aidiyyəti yoxdur: “Nazirlik olaraq bu hadisəni "Həyat, deyəsən, gözəldir" filminin istehsalçısı Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının və filmin müəlliflərinin hüquqlarının pozulması kimi qiymətləndiririk. Filmin Azərbaycanda kütləvi nümayişi isə festival həyatı başa çatdıqdan sonra həyata keçiriləcək.

Təxribat xarakterli bu hadisə ilə bağlı filmin müəlliflik hüququnun məxsus olduğu "Azərbaycanfilm" kinostudiyası tərəfindən müvafiq tədbirlər görülür”.