Güney Azərbaycanın Təbriz şəhərindəki 270 yaşlı tarixi hamamda aparılan bərpa işləri yarımçıq qalıb.
GünAz TV xəbər verir ki, bu barədə Təbrizdəki tarixi hamamın mülkiyyətçilərindən olan Məhəmmədhüseyn Abbasquluzadə bildirib.
Onun sözlərinə görə, bərpa işləri yarımçıq qaldığından tarixi abidə dağılmaq təhlükəsi ilə üzləşib.
M.Abbasquluzadə deyib ki, 2005-ci ildə hamamın bərpası ilə bağlı aidiyyəti qurumlara çoxsaylı müraciətlərdən sonra təmir işlərinə başlanılıb. Amma hamamın günbəzi və bir neçə bölməsi dağıdıldıqdan sonra işlər dayandırılıb.
Mülkiyyətçi vurğulayıb ki, abidəyə ögey münasibət onun Azərbaycana məxsus olmasından irəli gəlir. Onun sözlərinə görə, bu tarixi hamam İranın İsfahan və ya Şiraz kimi hakimiyyətin daha çox diqqət göstərdiyi şəhərlərdə olsaydı, bu aqibətlə üzləşməzdi.
Qeyd edək ki, hamam Qacarlar dövrünə aiddir.
Xatırladaq ki, Təbrizdə Ərk qalası da dağılmaq təhlükəsi ilə üz-üzədir/Report.