Noyabrın 17-də dünyanın ilk xalça muzeyi olan Azərbaycan Milli Xalça Muzeyinin yaranmasının 55 illiyi münasibətilə tədbir keçiriləcək.
Mia.az xəbər verir ki, tədbirdə uzeyin kolleksiyasına yeni daxil olan eksponatların – XVIII əsrin əvvəlinə aid bədii tikmə və XIX əsrin ikinci yarısına aid iki cüt sırğanın təqdimatı olacaq.
Tədbir Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentetiv Siyahısına salındığı, həmçinin görkəmli alim, xalçaçı-rəssam, Xalça Muzeyinin banisi Lətif Kərimovun anadan olduğu tarixdə keçirilir.
“Pasha Holding”in maliyyə dəstəyi ilə əldə olunmuş Qarabağa aid bədii tikmə nümunəsi kompozisiyasının quruluşu, rəng ahəngdarlığı və s. cəhətdən Azərbaycan tikmələrini fərqləndirən bütün əsas xüsusiyyətləri özündə əks etdirir. XVI əsrə aid bu cür kompozisiyalı tikmələr Səfəvi saray emalatxanalarında hazırlanır və dövrün yüksək dəyərli dekorativ-tətbiqi sənət əsəri sayılırdı. XVII–XVIII əsrlərdə bu tikmələrə olan böyük tələbatı nəzərə alaraq, Bərdə, Naxçıvan, Şamaxı kimi bir çox şəhərlərin emalatxanalarında onlardan bəhrələnməklə yeni nümunələr yaradılırdı.
Muzeyin öz hesabına “Bonhams” hərrac evindən aldığı qızıl sırğalar isə mina və basmaqəlib texnikasında Təbrizdə hazırlanıb. Öz dövründə çox məşhur olan, ayrı-ayrı müstəqil elementlərdən ibarət çoxhissəli bu növ sırğaları varlı, dəbli xanımlar taxar və baş örtüyündən nümayişkaranə çıxarardılar. Qadınlar yeridikcə sırğanın asmalarının zərif cingiltili səsi eşidilər, qədim inanca görə isə bu səs şər qüvvələri onlardan uzaqlaşdırardı.
Qeyd edək ki, Azərbaycan Milli Xalça Muzeyi ötən illər ərzində milli irs nümunələrinin qorunub-saxlanılması və təbliği ilə yanaşı kolleksiyalarının zənginləşdirilməsi işində də böyük nailiyyətlərə imza atıb. Təqdim olunan nadir sənət nümunələri muzeyin 2022-ci ildə bu istiqamətdə fəaliyyətini uğurla davam etdirdiyini göstərir.