Hüseyn Cavidin anadan olmasının 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı böyük şair və dramaturqun tədqiqi, təqdimi və təbliğ sahəsində yeni əhəmiyyətli mərhələnin başlanmasına səbəb olub.
Bu, ölməz sənətkarın 1982-ci ildə 100 illiyinin keçirilməsi haqqında ulu öndər Heydər Əliyevin dərin tarixi mənalı və çox cəhətdən inqilabi səciyyəli Sərəncamından sonra ən mühüm addımlardan biri kimi qiymətləndirilməlidir.
Mia.az Azertac-a istinadla xəbər verir ki, noyabrın 4-də İstanbuldakı Mərmərə Universitetində şairin 140 illiyi münasibətilə “Hüseyn Cavid və Türkiyə” mövzusunda beynəlxalq simpozium keçirilib. İstanbuldakı Azərbaycan Təhsil, Mədəniyyət və sosial həmrəylik təşkilatının rəhbəri və bu şəhərdəki Hüseyn Cavid məktəbinin qurucusu Şərqiyyə Məmmədova ilə Mərmərə Universiteti İnsan və Cəmiyyət Elmləri fakültəsinin birgə təşkilatçılığı sayəsində gerçəkləşən simpoziumda Türkiyə, Qazaxıstan, Özbəkistan, Bolqarıstan və eləcə də Azərbaycan Respublikasından bir sıra görkəmli elm və mədəniyyət xadimləri məruzələrlə çıxış edərək əbədiyaşar söz ustasının türk xalqlarının ədəbi və mədəni tərəqqisinə verdiyi əvəzsiz töhfələrin əlvan mənzərəsini canlandırıblar.
Beynəlxalq simpoziumu giriş sözü ilə açan Mərmərə Universitetinin professoru, Türk dili və ədəbiyyatı bölməsinin başçısı Harun Duman Hüseyn Cavidin yalnız Türkiyə və Azərbaycanı deyil, bütün türk dünyasını bağlayan ən mötəbər körpülərdən olduğunu bəyan edib.
Doktor Şərqiyyə Məmmədova salamlama nitqində Hüseyn Cavidin Türkiyədə tədqiqi və təbliğinin ayrı-ayrı istiqamətləri haqqında bəhs etməklə yanaşı, rəhbərlik etdiyi və dahi şairin adını daşıyan İstanbuldakı Azərbaycan məktəbində az qala hər şagirdin Cavid irsindən şeirlər əzbər bilməsini, həmin təhsil ocağında görkəmli sənətkarın daim diqqət mərkəzində saxlanılmasını, hər növbəti ildönümünün təntənə ilə keçirilməsini bildirdi.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinin direktoru, akademik Rafael Hüseynov simpozium iştirakçıları və Mərmərə Universiteti professor-müəllim və tələbə heyəti tərəfindən böyük maraqla qarşılanan “Əbədi hürriyyət və səma şairi Cavid” mövzusunda geniş məruzə ilə çıxış edərək deyib: “Bu gün burada bizi əbədi sözün gücü və müstəsna şəxsiyyətin nuru birləşdirir. İndi, yaşı 140-a çatarkən böyük Cavidi xəyalımızdan keçirəndə gəldiyimiz ən vacib qənaətlərdən ilki budur ki, hər halda həyatının bütün keşməkeşləri və sarsıntılarına baxmayaraq o, son dərəcə məsud bir insandı. Bir əsrdən də bir az əvvəl gənc Cavid İstanbul Universitetinin tələbəsi idi, hər gün elə bizim indi etdiyimiz kimi bu göyçək şəhərin küçələrindən keçirdi, gələcəyə saysız ümid və arzularla dolu günlər yaşayırdı. Bu gün yaşı 140 çatanda o yenə İstanbuldadır, yenə diridir, yenə insanlarla, sevənləriylə ürək-ürəyə, nəfəs-nəfəsədir və yenə Universitetdədir, tələbələr, müəllimlər arasında, gəncliklə, gələcəklə birgədir”.
Hüseyn Cavidin müsibətli həyatından və qocalmaz irsindən bəhs edən akademik Rafael Hüseynov söyləyib ki, onu həyatdan qopardılar, tarixdəki izlərini belə birdəfəlik yox etməyə çalışdılar, adına, yazdıqlarına yasaq qoydular. Ancaq içərisində yaşadığı günlərə çox hündürdən və çox uzaq gələcəkdən baxmağa qadir olan şair inandı ki, işığı sevməyən yarasalar nə qədər çalışsa da, günəşi qaranlıqlara qərq etmək onlara qismət olmaz. Onun umduğu və inandığı gerçəyə çevrildi. Sevənlərinin ürəyində pərəstiş bulmaq və daim gənc olmaq qismətini tarix onun əbədi yol yoldaşı etdi.
Cavid yaradıcılığının məziyyətləri məsələsinə toxunan Rafael Hüseynov əlavə edib ki, Cavid böyük ideyalarını yazdığı üçlü faciələrdə əks etdirib. “Topal Teymur”u araya-ərsəyə gətirmişdi, 1937-ci ildə Çingizxana həsr etdiyi dramını bitirdi, həbs olunduğu gecə evindən aparılmış itkin əsərlərindən biri məhz bu idi və elə həmin il “Koroğlu”nu yazmağa başlayırdı. Bitməz sevgi, dünyanı qovuşdura biləcək “məhəbbət dini” haqqında “Şeyx Sənan”ı yazdı, üstün zəkanın insanı hər buxovdan azad edə bilmək qüdrəti barədə “Xəyyam” pyesini doğurdu, haqsızlığa üsyan edən “Səyavuş” dramını qələmə aldı. Dünyanı sarsıdan şər haqqında düşündü, “İblis”i qələmə aldı. Dünyanı xilas edəcək şəfqət haqqında düşündü, “Peğəmbər” əsərini yazdı. Ən ali münsif haqqında son əsərini “Allah”ı yazmağa başlayanda dustaq idi, həmin əsəri bitirməyə macal tapmadı.
Nitqini yekunlaşdırarkən akademik Rafael Hüseynov yenə diqqəti Cavid əbədiyyəti istiqamətinə yönəldərək nəzərə çatdırıb ki, sanki uzaqgörən şair öz taleyini də irəlicədən sezərək gələcəkdə baş verəcəkləri də qabaqcadan təsvir edib: “Məkanının yer deyil, çox ucalar, səmalar olmasını “Yerə enməm də səma şairiyəm” sözləriylə
şair özü bəyan etmişdi və necə söyləmişdisə, həm məcazi və həm də müstəqim mənada düşündüyü təhər də oldu. Bu gün əlçatmaz göylərdə süzən, hərəkətdə olan kiçik planetlərdən biri Cavidin adını daşıyır. Aydın gecələrdə ulduzlarla dolu göylərə tamaşa edərkən bunu da düşünün ki, uzaqlardan sizə baxan, sayrışan həmin səyyarələrin arasında Cavid ulduzu da var və Cavid ulduzu daim parlayacaq, onun işığı həmişə bizimlə, insanla olacaq!”.
Simpozium işini iki müfəssəl dinləmə ilə davam etdirdi. Türk professor Yusif Gədikli “Cavidin İstanbul məktubları”, doktor Ənvər Uzun “Müasir həyatımızda Cavid və qadın”, daşkəndli filologiya doktoru, jurnalist Rüstəmcan İqbal “Hüseyn Cavid və özbək ədəbiyyatı”, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan “Cavid həyatının İstanbul dövrü”, Qazaxıstandan Gülsayajan Yessimbayeva “Dünya ədəbiyyatı və Hüseyn Cavid”, Astanadan gəlmiş digər filologiya elmləri doktoru Kuljibek Kusmanova “Cavid yaradıcılığının dərin qatları”, Bolqarıstandan Nurtən Rəmzi “Hüseyn Cavidin türklük düşüncəsinin kamilləmsinə təsirləri”, Axısxa türklərindən olan, yenə Orta Asyadan gələn qonaqlardan biri dosent Sevil Piriyeva “Hüseyn Cavidin “İblis” əsəri və iblislik mövzusu dünya ədəbiyyatında”, ukraynalı İrina Driqa “Yazarlar və Stalin istibdadı” mövzularında çıxış etdikdən sonra sualları cavablandırdılar.
Azərbaycanın Xalq artisti Ramiz Həsənoğlu simpozium iştirakçılarına çəkdiyi “Cavid ömrü” filmindən parçaları təqdim etdikdən, adı dahi şairin qızının şərəfinə seçilmiş Turan Hümbətova Cavid ocağı ilə bağlı xatirələrini bölüşdü. Azərbaycanlı alim, professor Əyyub Quliyev səma xəritəsindəki kiçik planetlərdən birinə Hüseyn Cavidin adının verilməsinin tarixçəsinədn bəhs etdi. Daha sonra isə Azərbaycan Respublikasından və İran Azərbaycanından olan aktyor və musiqiçilərin təqdimatında simpoziuma qatılanlar tərəfindən hərarətlə qarşılanan zəngin ədəbi-musiqili kompozisiya səsləndi.
Simpoziumun yekununda Türkiyədə ilk dəfə Hüseyn Cavidlə bağlı belə genişmiqyaslı və dərin elmi-bədii məzmunlu tədbirin keçirilməsində xüsusi səyləri olan elm-sənət hamisi Anar Əlizadənin xidməti ayrıca vurğulandı, məruzə ilə çıxış edənlərə sertifikatlar verildi. Türkiyə mətbuatı da həyat və yaradıcılığı Türkiyə ilə sıx bağlı olan 140 yaşlı Hüseyn Cavidə həsr edilmiş beynəlxalq simpoziumu geniş işıqlandırıb.
Simpoziumda İSBAM sədri Samir Adıgözəlli, Boyukmillet.com-un redaktoru Sima Babayeva, 44 günlük Vətən Müharibəsinin qazisi İbrahim Cabbarov ictimaiət nümayəndələri və Marmara Universitetinin tələbələri iştirak etmişdirlər.