ADA Universitetində 8 noyabr - Zəfər Günü münasibətilə "Şuşanın dağları başı dumanlı" adlı bədii-sənədli film nümayiş etdirilib.

Mia.az xəbər verir ki, tədbir ADA Universitetinin Tələbə Xidmətləri və “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai birliyinin birgə əməkdaşlığı ilə baş tutub.

Film nümayişində ali məktəbin müəllimləri, tələbələri və işçi heyəti iştirak edib.

Tədbir Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qonaqları salamlayan ADA Universitetinin tələbəsi Cavid Şahməmmədli tədbirin önəmindən bəhs edib.

Tələbə Xidmətləri şöbəsinin meneceri Günel Əsgərova bildirib ki, ADA icması 8 noyabr - Zəfər Gününü böyük sevinclə qeyd edir və 44 günlük Vətən müharibəsi zamanı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsini yad etmək məqsədilə müxtəlif tədbirlər təşkil edir.

“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai birliyinin sədri Şəhla Nağıyeva çıxışı zamanı diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə İctimai Televiziya ilə birgə ərsəyə gələn film Şuşanın tarixindən bəhs edir. Əlavə edilib ki, Müsəllim Həsənovun ssenari müəllifi olduğu filmi ingilis dilində "BBC" televiziyasının məşhur aparıcılarından olan Devid Seys səsləndirib.

Tədbir ADA Universiteti tələbələrinin ifasındakı ədəbi bədii kompozisiyalarla davam edib.

Qeyd edək ki, noyabrın 4-ü ADA Universitetində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş sərgi də keçirilib. Sərgi Azərbaycan Rəssamlar İttifaqı Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.