Xalq Yazıçısı Anar Rzayev yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri seçilib.
Mia.az xəbər verir ki, AYB-nin XIII qurultayında səsvermə keçirilib. Səsvermə nəticəsində Anar növbəti müddətə AYB sədri, Rəşad Məcid onun müavini seçilib.
Yenidən sədr seçilən Anar jurnalistlərə maraqlı açıqlama verib: "Əgər mətbuatın zəhərlərini uda-uda yaşaya bilsəm, bundan sonra hələ 5 il yaşayacam və sədr kimi fəaliyyət göstərəcəm. Mətbuatdan xahiş edirəm ki, AYB-yə düşmən münasibəti bəsləməyin, qərəzli yazılar yazmayın, hər şeyi tərsinə yozmayın. Bir az obyektiv və insaflı davranın".
Xatırladaq ki, onun rəqibləri Emil Rasimoğlu və Fuad Cəfərli idi.
***
Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII Qurultayı keçirilir.
Mia.az xəbər verir ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilən Qurultayda AYB-nin dəvətilə Türkiyə, Rusiya, Litva, İsrail, Pakistan, Gürcüstan, Almaniya, İraq, Belarus və İrandan 20-dən çox qonaq iştirak edir.
Qurultayda AYB-nin sədri vəzifəsinə seçki keçiriləcək. Birliyin sədrliyinə üç namizədin adı məlumdur. Onlar Xalq yazıçısı Anar Rzayev, şairlər Emil Rasimoğlu və Fuad Cəfərlidir.
XIII qurultaya AYB rəhbərliyi – 6 nəfər (sədr Anar, birinci katib Çingiz Abdullayev, sədrin müavini Rəşad Məcid, katiblər Elçin Hüseynbəyli, Səlim Babullaoğlu, İlqar Fəhmi), Ağsaqqallar Şurasının üzvləri – 19 nəfər, İdarə Heyətinin üzvləri – 24 nəfər, Gənclər Şurasının üzvləri – 21 nəfər, seksiya rəhbərləri – 6, bölmə rəhbərləri – 19 və bölmələrdən və seksiyalardan seçilənlər də əlavə olunmaqla ümumilikdə 330 nəfər nümayəndə müəyyənləşib.
AYB-nin hazırki sədri Xalq yazıçısı Anar Rzayevdir.
***
"Azərbaycan Yazıçılar Birliyinin Qurultayı 3 il öncə olmalı idi, amma gecikdik. Gecikmənin səbəbi isə pandemiya olub".
Bunu Xalq yazıçısı Anar Rzayev AYB-nin XIII Qurultayında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, buna baxmayaraq, bu müddət ərzində yazıçılar birliyində Qurultay səviyyəsində məruzələr dinlənilib və kitab kimi nəşr olunub.
Xatırladaq ki, Azərbaycan Yazıçılar Birliyinin üzvləri və XIII qurultayın iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb.
Müraciətdə yazıçılar Azərbaycanın tarixi qələbəsinə, ədəbiyyat sahəsinə göstərdiyi diqqət və qayğısına görə ölkə Prezidentinə təşəkkür ediblər.
Onu da qeyd edək ki, qurultayda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, ADA Universitetinin rektoru Hafiz Paşayev, mədəniyyət naziri Anar Kərimov, dövlət və hökumət qurumları nümayəndələri, Milli Məclisin deputatları iştirak edirlər.
***
Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayında 4 komissiya təyin olunub, sədr və üzvləri seçilib.
Mia.az xəbər verir ki, qurultay katibliyinin sədri Adil Cəmil, üzvləri isə Arifə Əliyeva, Ramiz Qusarçaylı, Qafar Cəfərli, Taleh Mənsur olub.
Mandat komissiyasının sədri Əkbər Qoşalı, üzvlər isə Gülnarə Əmaləddin, Nazim Əhmədli, Akif Əhmədgil, Şahin Musaoğlu, mətbuat xidmətinin rəhbəri Elçin Şıxlı, üzvlər isə Xəyal Rza, Alina Talıbova, Şahanə Müşfiq, Ulucay Akif, seçki komissiyasının sədri Səyyad Aran, üzvlər isə Elxan Elatlı, Saday Budaqlı, Orxan Fikrətoğlu və Cavid Zeynallı seçilib.
Mia.az