Bakıda yerləşən Şah Sultan Hüseyn məscidi bərpa olunacaq.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Mia.az-a bildirilib ki, oktyabrın 21-də Dövlət Xidmətinin dəstəyi, Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin iştirakı ilə Novxanı qəsəbəsində yerləşən Şah Sultan Hüseyn məscidinin ətrafında təmizlik aksiyası həyata keçirilib.

Tədbir çərçivəsində XVII əsrdə inşa olunan məscidin ətrafı məişət tullantılarından təmizlənib, ərazidə abadlıq işləri görülüb.

Qeyd edək ki, yerli əhəmiyyətli tarix-memarlıq abidəsi olan Şah Sultan Hüseyn məscidinin yaxın zamanda bərpasına başlanılması planlaşıdırılır. Bunun üçün artıq hazırlıq işlərinə də başlanılıb.