Ötən gün vəfat edən Azərbaycanın Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımovanın cənazəsi Honkonqdan Azərbaycana gətiriləcək.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızı deyib.
O bildirib ki, bəstəkarın vəfatı ilə əlaqədar onun birgə yaşadığı Honkonqda yaşayan qızı Canana ilə əlaqə saxlayıblar: "Ruhəngiz xanımın nəşinin Azərbaycana gətirilməsi üçün Diasporla İş üzrə Dövlət Komitəsi olaraq bütün lazım olan köməyi göstərməyə hazır olduğumuzu bildirdik. Mərhumun qızı bildirdi ki, bütün prosedurlar mərhələli şəkildə həyata keçirilir və bir iki günə yola çıxmağı düşünürük. Canana xanım Diaspor Komitəsinə minnətdarlıq etdi və heç bir köməyə ehtiyac olmadığını bildirdi. Bəstəkarın qızı əlavə etdi ki, belə çətin zamanda Komitənin vaxt itirmədən bizi axtarmasına sevindik, inanırıq ki, hər hansı çətinlikdə Azərbaycandan bizə arxa duran təşkilat və insanlar var".