"Ermənistan beynəlxalq səylərlə aparılan danışıqlarda destruktiv mövqe nümayiş etdirir, regionda kommunikasiya və nəqliyyat yollarının açılması prosesinə maneələr yaradır".
Mia.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 5-də İndoneziyanın paytaxtı Cakarta şəhərində keçirilən "Böyük iyirmilik" (G20) ölkələrinin parlament sədrlərinin 8-ci Sammitində çıxışı zamanı deyib.
S.Qafarova vurğulayıb ki, post-münaqişə dövründə Azərbaycan regionda uzunmüddətli sülh və sabitliyin təmin edilməsi istiqamətində səylərini davam etdirir: "Azərbaycan Ermənistana münasibətlərin normallaşdırılması və beynəlxalq hüququn 5 prinsipi əsasında sülh sazişinin imzalanmasını təklif edib. Bir-birinin suverenliyinin və ərazi bütövlüyünün tanınması, sərhədlərin delimitasiyası və demarkasiyası regionda sülh və sabitliyə gətirib çıxaracaq".
Milli Məclisin sədri xatırladıb ki, Ermənistanın sonuncu dəfə - bu il sentyabrın 13-də törətdiyi hərbi təxribatlar da normallaşma prosesinə əngəl törədir: "Bu cür davranışlar pislənilməlidir. İndi ən vacib məsələ münasibətlərin normallaşması prosesini pozacaq hərəkətlərdən çəkinməkdir. Çünki bu, regionda uzunmüddətli sülh və sabitliyin təmin olunmasının yeganə yoludur".