“Hazırda qardaşımın vəziyyəti normaldır”.
Bunu evinə basqın olunan Əflatun Kərimovun qardaşı Xalq artisti Valeh Kərimov deyib.
Onun sözlərinə görə, hadisə avqustun 20-si gecə baş verib: “Qapını döyüblər, bir qadın səsi gəlib, deyib ki, qonşudandır, həmin qadının səsinə aldanıblar. Qardaşım oğlu qapını açıb. İki nəfər içəri girib, çatan kimi Əflatunun oğlunu vurublar, o, yerə yıxılıb. Əflatuna da beşbarmaqla burnundan xəsarət yetiriblər. Qardaşımın yoldaşı qonşulara səslənəndən sonra oğrular qaçıblar”.
Baş verən hadisədən ailə üzvlərinin həyəcan keçirdiyini bildirən Xalq artisti ilk dəfədir belə bir halla qarşılaşdıqlarını bildirib: “Adamın evinə bir dəfə oğurluğa gələrlər, iki dəfə girib oğurluq etməzlər. O insanlar – oğrularmı, narkomanlarmı deyək – dedilər ki, evi səhv salıblar. Bunu etiraf etdilər. Ona görə də qardaşımdan efir vasitəsilə üzr də istədilər”.
Qeyd edək ki, Əflatun Kərimovun evinə aldatma yolu ilə quldurluq edən Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş Elçin Əhmədov, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Emin Babayev, Emilya Əliyeva və Jalə Mahmudova saxlanılıb.
Faktla bağlı dəstə üzvləri barəsində quldurluq maddəsi ilə cinayət işi başlanıb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.