Bu gün "Gülüstan" sarayında "İrəvan şəhərində Azərbaycan milli-mədəni, tarixi irsinin sonuncu qalığı Təpəbaşı məhəlləsinin taleyi: Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması və tarixi izlərinin silinməsi" üzrə aparılmış araşdırmanın və onun nəticələrini əks etdirən kitabın təqdimatı keçirilib.

Mia.az xəbər verir ki, araşdırma çərçivəsində İrəvan şəhərinin, o cümlədən Təpəbaşı hissəsinin tarixi, şəhərdə yüz il əvvəl başlanmış və hələ də davam edən Azərbaycan irsinin sistemli dağıdılması prosesi, Təpəbaşı məhəlləsinin son qalıqlarının da sökülərək, məhəllənin tamamilə məhv edilməsi təhlükəsi barədə məlumatlar əldə olunub.

Tədbirdə İrəvanda Azərbaycanın milli-mədəni irsi barədə film nümayiş etdirilib.

Araşdırmanın müəllifi, tədqiqatçı, tarixçi Səbuhi Hüseynov materialların hazırlanmasında Azərbaycan Respublikasının Milli Arxivində, Azərbaycan Respublikasının Dövlət Tarix Arxivində, Amerika Birləşmiş Ştatları Konqres Kitabxanasının Nadir Əlyazmalar Kolleksiyasında, Türkiyə Respublikasındakı Osmanlı Arxivində, Rusiya Federasiyasının Dövlət Arxivində saxlanılan sənədlərdən istifadə olunduğunu və üçüncü dövlətlərin arxivlərində saxlanılan Ermənistan Arxivindən götürülmüş mikrofilmlərin tədqiqata cəlb edildiyini bildirib. O, həmçinin mövzunun araşdırılmasında ilk dəfə Coğrafi İnformasiya Sistemi mühitində günümüzə qədər məlum olan hərbi topoqrafik xəritələr və şəhər planlarının inteqrasiya edilməsi sayəsində tarixi şəhər landşaftının müəyyən edildiyini, məkana bağlı müxtəlif təhlillərin aparıldığını, vaxtilə İrəvanın Təpəbaşı hissəsində mövcud olmuş memarlıq abidələrinin dəqiq koordinatları müəyyən edilməklə onların məhv edilmə dövrlərinin dəqiqləşdirildiyini bildirib. Hazırda İrəvan şəhərinin Təpəbaşı hissəsindən yalnız Təpəbaşı məhəlləsinin ərazisi müəyyən edilərək, mövcud abidələrin bazası yaradılıb. Məlum olub ki, burada 300-dən çox yaşayış evi mövcuddur. 

Araşdırma nəticəsində əldə edilmiş materiallardan ibarət kitab ərsəyə gəlib. Kitab Azərbaycanın milli-mədəni və tarixi irsinin qorunması və beynəlxalq səviyyədə təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərə mühüm töhfə verəcək.

Kitabda Təpəbaşı məhəlləsinin və orada dağılmaq üzrə olan son abidələrin Azərbaycan xalqına məxsusluğunu sübut edən arxiv sənədləri də dərc edilib.

Qərbi Azərbaycan İcmasının sədri, "Qərbi Azərbaycan yaddaşı" layihəsinin müəllifi, millət vəkili Əziz Ələkbərli çıxışında İrəvan şəhərinin başqa yaşayış massivləri kimi, Təpəbaşı məhəlləsində də azərbaycanlıların həmişə üstünlük təşkil etdiyini, lakin zaman-zaman onların Ermənistandan deportasiya olunduğunu, onlara məxsus tikililərin, habelə İrəvan şəhərindəki müsəlman abidələrinin erməni vandalizminin qurbanına çevrildiyini bir daha vurğulayıb.

Təpəbaşının sabiq sakini, "Elmi araşdırmalar" İctimai Birliyinin sədri Telman Qasımov çıxışında məhəllənin özünəməxsus obrazının keçmişdə burada yaşayan yerli azərbaycanlı sakinlər tərəfindən yaradıldığını bildirib. O, həmçinin Təpəbaşı məhəlləsinin yaşadığı dövrə aid milli koloriti barədə xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.

Tədbirdə çıxış edən ""Miras" mədəni irsin öyrənilməsinə kömək" İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli İrəvan şəhərinə və onun mədəni irsinə beynəlxalq konvensiyalar çərçivəsində yanaşılmalı olduğunu, UNESCO da daxil olmaqla, beynəlxalq təşkilatların faktaraşdırıcı missiyalarının bu irsin hazırkı vəziyyəti ilə bağlı monitorinqinin aparılması, nəticələrin sənədləşdirilməsi və qorunmasının təşviq edilməsi, sülh naminə Qafqazın, xüsusilə onun son iki min ilinin tarixi həqiqətlərinin anlaşılması üçün akademik fəaliyyətlərə dəstəyin göstərilməsinin vacibliyini qeyd edib.

Qeyd olunmalıdır ki, bütövlükdə İrəvan, o cümlədən şəhərin Təpəbaşı məhəlləsində yerləşən Azərbaycan xalqının milli-mədəni, tarixi irsinə qarşı Ermənistanın həyata keçirdiyi mədəni soyqırım prosesi ilə bağlı Azərbaycanın bir qrup elm xadimi və ictimaiyyət nümayəndələri tərəfindən UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət ünvanlanıb.

Tədbir çərçivəsində Təpəbaşı məhəlləsindəki dağıdılmış və sökülməkdə olan abidələrin fotosərgisi təşkil edilib.

Tədbirdə dövlət rəsmiləri, diplomatik korpusun, elm və təhsil müəssisələrinin, ictimai təşkilatların nümayəndələri, eləcə də Təpəbaşı məhəlləsində yaşamış ailələrin üzvləri iştirak ediblər.