Mədəniyyət Nazirliyi tərəfindən “Şuşa ili” çərçivəsində uşaq musiqi və incəsənət məktəblərinin şagirdlərinin iştirakı ilə muğam festivalının yekun konserti keçirilib.
Mia.az xəbər verir ki, konsert Beynəlxalq Muğam mərkəzində baş tutub.
9-12 və 13-17 yaş qrupları üzrə respublikanın şəhər və rayonlarından istedadlı şagirdlərin qatıldığı festivalın regionlar üzrə mərhələsində 1-ci yerlərin qalibləri final mərhələdə iştirak etmək hüququ qazanıblar.
Bakıda keçirilən festivalın final mərhələsində Xalq artistləri Teyyub Aslanov, Gülyaz Məmmədova və Əməkdar artist Zakir Əliyevdən ibarət münsiflər heyəti tərəfindən iştirakçıların çıxışı qiymətləndirilib və qaliblər müəyyən edilib.
Qeyd edək ki, festivalın keçirilməsində məqsəd 2008-ci ildə YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycan muğam ənənələrinin və milli dəyərlərimizin yaşadılması və təbliği, uşaq musiqi və incəsənət məktəblərində xanəndəlik ixtisası üzrə musiqi təhsilinin inkişaf etdirilməsi, istedadlı uşaq və gənclərin aşkara çıxarılması və dəstəklənməsidir.
Xatırladaq ki, konsertdə Bakı, Gəncə, Lənkəran, Sumqayıt, Şəki, Abşeron, Ağcabədi, Ağdam, Beyləqan, Bərdə, Biləsuvar, Goranboy, Qazax, Quba, Saatlı, Sabirabad şəhər və rayonlarının uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri çıxış ediblər. İfaçıları Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının ansamblı (rəhbəri Mirxalid Salayev) müşayiət edib.