Son zamanlar ərzaq məhsullarının bahalaşması müğənnilərin də nəzərindən qaçmayıb. Gündəmdən düşməyən gilas qiymətinin artımı müğənnilər arasında da müzakirələrə səbəb olub.
Mia.az xəbər verir ki, bu barədə Oxu.Az-a müğənni Əli Mirəliyev açıqlama verib.
O bildirib ki, söhbət sadəcə gilasdan getmir: "Ümumiyyətlə hər şeyin - yağın, pendirin, kartof-soğanın qiyməti qalxıb. Biz əvvəllər onları bir neçə qəpiyə alırdıq. Belə qiymətləri heç vaxt görməmişəm, od tutub yanır. Bu bahalaşmanın səbəbkarları oliqarxlardır. Qiymətlər bu minvalla artsa, narazılıq, dava-dalaş olacaq, axırda dükanlara hücum çəkib, sındırıb dağıdacaqlar. Ərzaqları yığıb, aparacaqlar. Oliqarxları həbs etmək lazımdır ki, ərzaqları o qiymətə gətirməsinlər”.
Müğənni bu fikirdədir ki, qiymətlərinin yüksək olması son nəticədə boşanmalara da təsir edir:
“Birinin maaşı 800, 900, 1000 manatdır. Bəs o biri? O axı pensiyaçıdır. Digəri də cavandır, işi yox, gücü yox. Yemək istəyir, yaşamaq istəyir. Yaxşı, bəs necə olsun? İş verin də buna. İş yerləri olmalıdır ki, cavan uşaqlar küçələrdən yığışsın, işləsinlər. Bütün gün bu cavanlar ya pul oğurlayır, ya kimdənsə borc götürürlər, o bunu aldadır, bu onu aldadır. Axı biz yaxşı millətik. Niyə bu günə qoydunuz? Hamısı evlənir, iki aydan sonra ayrılır. Belə şey olar? Buna son qoymaq lazımdır”.
“Milli Məclisin deputatlarının maaşlarını qaldırırlar. Xeyir ola? Söz verdilər ki, pensiyaçıların təqaüdlərini artıracaqlar. Cəmi doqquz manat artım olub. Utanmadınız? Ayıb olmadı sizin üçün? Belə olmur. Biz bu millət deyilik axı, biz görün kimlərin övladlarıyıq, kimlərin nəslindənik. Axı biz bunları niyə unuduruq? Biz oluruq heç kim. Bəsdir, özünüzü yığışdırın! Yığışdırmasanız, Allah yığışdıracaq”, - deyə Əli Mirəliyəv üsyan edib.