Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə ilk dəfə olaraq keçirilən “Peşələr festivalı” növbəti dəfə Şirvan Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə şəhərin mərkəzində Heydər Əliyev meydanında keçirilib.
Mia.az xəbər verir ki, festivalda Agentliyin idarə heyətinin sədrinin müavini Cəmaləddin Quliyev, Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Məharət Mustafayev, dövlət və özəl qurumların nümayəndələri, yerli ekspertlər, işəgötürənlər, tələbə və gənclər iştirak edib.
Tədbirdə yeniyetmə və gənclərin müasir əmək bazarı barədə məlumatlılığının və peşələrə marağının artırılmasında, əmək bazarının tələblərinə uyğun peşə seçimində festivalın rolu yüksək qiymətləndirilib. Bildirilib ki, ölkənin 10 rayon və şəhərində “Öyrən, Əylən, Peşəni seç” devizi ilə, müxtəlif peşələr üzrə eksperlərin iştirakı ilə təşkil edilən festivallarda iştirakçılar peşələr üzrə hansı bacarıqların tələb olunduğunu öyrənəcək.
İştirakçılar peşə sahələri üzrə inkişaf etməyin yolları, gələcəkdə əmək bazarının necə formalaşacağı və peşələr üzrə hansı bacarıqların tələb olunacağı barədə məlumatlar, peşələrlə əyanı şəkildə tanış olmaq imkanı əldə edəcəklər.
Sonra qonaqlar və iştirakçılar festivalda təqdim olunan peşələrin stendləri ilə tanış olub, ekspertlərlə söhbət ediblər. Layihə çərçivəsində aşpaz, dərzi, bərbər-vizajist, frontend developer, qrafik dizayner, interyer dizayner, kompüter proqram təminatı, barista, turizm agenti, elektron cihazların təmiri peşələri üzrə peşəkar ekspertlər tərəfindən təqdimat və vorkşoplar keçirilib.
"Öyrən, əylən, peşəni seç!” devizi ilə keçirilən festivalda iştirakçılara peşələr üzrə inkişaf yolunu tapmaqda dəstək göstərilib.İştirakçılara peşə sahələri üzrə inkişaf etməyin yolları, gələcəkdə əmək bazarının necə formalaşacağı və peşələr üzrə hansı bacarıqların tələb olunacağı barədə məlumatlar, peşələrlə əyani şəkildə tanış olmaq imkanı yaradılıb.
Festivalda iştirakçılar düzgün peşə seçimi, işçi qüvvəsinə olan tələblər, gələcəyin peşə və bacarıqları barədə məlumatlandırılıb.