Mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı olub.

Mia.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva festivalın açılışında iştirak ediblər.

Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan edilən “Şuşa İli”ndə keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən təşkil olunub. Mayın 14-də başa çatacaq sayca beşinci festivala xarici ölkələrdən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilər, rəqs kollektivləri, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivləri qatılıblar.

Festivalın açılış konserti Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında “Vətən süitası” ilə başlayıb.

Sonra Əməkdar artistlər İlkin Əhmədov, Babək Niftəliyev və Səbinə Ərəblinin ifasında “Qarabağ şikəstəsi”nin sədaları Şuşa dağlarına yayılıb.

Vətən müharibəsində Azərbaycana əsl qardaşlıq dəstəyi göstərən Türkiyəni festivalda Türk Dünyası Musiqi və Xalq Rəqsləri Ansamblı təmsil edir. Ansamblın ifasında “Van yöresi” xalq rəqsi maraqla qarşılanıb.

Azərbaycanın Xalq artisti Polad Bülbüloğlu “Çal oyna” xalq mahnısını, “Cəngi” Estrada Folklor Rəqs Ansamblı “Tənzərə”, Əməkdar artist Şirzad Fətəliyev və nəfəs alətləri qrupu isə “Turacı” xalq rəqslərini ifa ediblər.

Malinin Şeyx Tidiane Sek etno-caz qrupu “Sanqa Bo” kompozisiyasını, “Pakistan rəngləri” qrupu “Bhanqra” rəqsini, Melitassi Gürcü Folklor Rəqs Ansamblı “Svanuri” rəqsimi təqdim ediblər.

Azərbaycan Dövlət Rəqs Ansamblı avar xalq rəqsini, Tunisin “Yuma” dueti “Smek” kompozisiyasını, Özbəkistanın Baxor Dövlət Rəqs Ansamblı isə “Bayot” xalq rəqsini ifa ediblər.

Daha sonra Əməkdar mədəniyyət işçisi aşıq Samirə Əliyeva və aşıq Əli Tapdıqoğlu “Qarabağ qaytağısı” saz havasını, Xalq artisti Polad Bülbüloğlu və Bakı Xoreoqrafiya Akademiyasının “Xarıbülbül” rəqs ansamblı “Qarabağım” mahnısını səsləndiriblər.

Açılış konserti Əməkdar artist Aybəniz Haşımovanın və "Bülbüllər” qrupunun ifasında “Vətəndən pay olmayır” mahnısı ilə başa çatıb.

***

Mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı başlayıb.

Mia.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva festivalın açılışında iştirak edirlər.

***

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı başlayıb.

Mia.az xəbər verir ki, sayca beşinci festivalda 10 xarici ölkədən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilərin, rəqs kollektivlərinin, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivlərinin iştirakı nəzərdə tutulur.

Festivalın açılışı günü bir sıra şəxslər, qruplar, ansambllar çıxış edəcəklər:

Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Əməkdar artistlər Babak Niftəliyev (xanandə), İlkin Əhmədov (xanəndə) Səbinə Ərəbli (xanandə)

Ankara Türk Dünyası Müzik ve Halk Dansları Topluluğu (Türkiyə)

Xalq artisti Polad Bülbüloğlu (bəstəkar və müğənni)

Bakı Xoreoqrafiyası Akademiyasının "Xarıbülbül" Ansamblı

"Cəngi" Estrada Folklor Rəqs Ansamblı

Əməkdar artist Şirzad Fətəliyevin (balaban) nəfəs alətləri qrupu

Şeyx Tidiane Sekin etno caz qrupu (Mali)

"Colors of Pakistan" qrupu (Pakistan)

Azərbaycan Dövlət Rəqs Ansamblı

"Yuma" dueti (Tunis)

"Melitassi" Folklor Rəqs Ansamblı (Gürcüstan)

Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva (aşıq) və Əli Tapdıqoğlu (aşıq)

"Baxor" Rəqs Ansamblı (Özbəkistan)

Əməkdar artist Aybəniz Haşımova (müğənni) və "Bülbüllər" qrupu.

Qeyd edək ki, tədbir Nazirlər Kabinetinin 2022-ci il 25 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Şuşa ili ilə bağlı Tədbirlər Planı”na əsasən keçirilir.

***

Bu gün Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı başlayacaq.

Mia.az xəbər verir ki, festival mayın 14-dək davam edəcək.

Qeyd edək ki, tədbir Nazirlər Kabinetinin 2022-ci il 25 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Şuşa ili ilə bağlı Tədbirlər Planı”na əsasən keçiriləcək.

Cari ildə keçiriləcək sayca beşinci festivalda 10 xarici ölkədən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilərin, rəqs kollektivlərinin, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivlərinin iştirakı nəzərdə tutulur.

İlk dəfə 1989-cu ildə keçirilmiş və Seyid Şuşinskinin 100 illik yubileyinə həsr edilmiş festival Vətən Müharibəsində qazanılmış parlaq zəfər nəticəsində 30 illik fasilədən sonra 2021-ci ilin 12-13 may tarixlərində Şuşada Cıdır düzündə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yenidən keçirilib.