“Jurnalist Aytən Məmmədova ilə bağlı insident hüquqi qiymətini almalıdır”.
Bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.
O qeyd edib ki, söhbət azad sözə qarşı hücumdan, jurnalistin peşəkar fəaliyyətinə maneçilik cəhdindən, açıq təhdiddən gedir, bu hal Azərbaycanda söz və ifadə azadlığı istiqamətində əldə edilmiş uğurlara kölgə salır və onun araşdırılmasına xüsusi yanaşma mütləqdir: “Əminəm ki, hüquq-mühafizə orqanları insidentə ciddi şəkildə diqqət yetirəcək, günahkarlar layiqli cəzalarını alacaqlar. Azərbaycan Mətbuat Şurası olaraq biz də öz tərəfimizdən məsələni diqqətdə saxlayırıq. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə daimi təmasdayıq. Nazirlikdən hadisənin nəzarətə götürüldüyünü, araşdırmanın aparıldığı bildirilib. Belə həssas yanaşma günahkarın tezliklə tapılıb məsuliyyətə cəlb ediləcəyinə əminlik yaradır”.
***
Medianın İnkişafı Agentliyi (MEDİA) jurnalist Aytən Məmmədovanın hücuma məruz qalması ilə bağlı açıqlama yayıb.
Bildirilib ki, mayın 8-də Binəqədi rayonu ərazisində, yaşadığı binanın blokunda hücuma məruz qalan jurnalist Aytən Məmmədova ilə əlaqə saxlanılıb, onun vəziyyəti barədə ətraflı məlumat əldə olunub:
"Telefon danışığı zamanı bildirilib ki, Medianın İnkişafı Agentliyi baş verən hadisəyə həssaslıqla yanaşır və diqqətdə saxlayır. “Media haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə, onların təqib edilməsi və onlara təzyiq göstərilməsi yolverilməzdir. Medianın İnkişafı Agentliyi tərəfindən məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə operativ əlaqə saxlanılıb. Bildirilib ki, qeyd olunan hadisə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin nəzarətindədir və hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparıldıqdan, zəruri prosessual tədbirlər görüldükdən sonra hadisəyə hüquqi qiymətin verilməsi təmin ediləcəkdir".
***
Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini polis polkovniki Vüqar Ələkbərov ötən gecə bıçaqlı hücuma məruz qalan jurnalist Aytən Məmmədova ilə görüşüb.
Mia.az bildirir ki, bu barədə jurnalistin özü məlumat yayıb.
Görüşdə hadisənin detalları barədə müzakirə aparılıb.
***
Bakıda jurnalist Aytən Məmmədovaya yaşadığı binanın blokunda bıçaqlı hücum edilib.
Mia.az xəbər verir ki, hadisə mayın 8-i gecə saatlarında Binəqədi rayonu, Mir Cəlal küçəsi 11 ünvanında yerləşən binanın blokunda qeydə alınıb.
Belə ki, A.Məmmədova yaşadığı binanın blokunda liftə girən zaman bir nəfər onun arxasınca içəri daxil olub. Daha sonra həmin şəxs bıçağı jurnalistin boğazına dirəyib və adını çəkmədiyi məhkəmə işinə görə onu hədələyib, proses barədə yazmamasını tələb edib.
Hücum edən şəxs A.Məmmədovaya xəsarət yetirərək hadisə yerindən qaçıb.
Hadisə barədə Daxili İşlər Nazirliyinin (DİN) "102" Zəng-Mərkəzinə müraciət edilib.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətindən bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır.