Nizami Kino Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimova həsr olunan “Poladın izi ilə” filminin təqdimat mərasimi keçirilib.

Mia.az xəbər verir ki, tədbirdə mədəniyyət nazirinin müavini Elnur Əliyev, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, ictimaiyyət nümayəndələri, şəhid generalın ailə üzvləri, döyüş yoldaşları və dostları iştirak ediblər.

Elnur Əliyev bildirib ki, bu tədbirin və filmin məqsədi özünü tanımaqdır: "Düşmənlər hər zaman bizim tariximizi, özümüzü bizə unutdurmağa çalışıblar. Buna baxmayaraq xalqımız bu cəhdlərə qarşı gəldi və özümüzə qayıtdıq. Qəhrəmanların olması millətin, xalqın böyüklüyünü göstərir. Hər zaman böyük millətlərin tarixini onun qəhrəmanları yazıb. Polad Həşimov şəhid olan gün minlərlə Polad Həşimov doğulub".

Cahid Bağçı Azərbaycan-Türkiyə arasındakı sıx əlaqələrdən söz açıb: "Bu Vətən şəhidlərin uğrunda can verdiyi torpaqdır. Polad Həşimovla bağlı bildiklərimizlə yanaşı, bilmədiklərimiz də var. Bu film vasitəsilə onları öyrənəcəyik. Polad Həşimovdan sonra Azərbaycanda müstəqilliyi qorumaq üçün minlərlə Poladlar doğulub".

Filmin rejissoru və ssenari müəllifi Zamin Məmmədov filmin çəkilişləri ilə bağlı məlumat verib.

Şəhidin anası Səmayə Həşimova filmin ərsəyə gəlməsində əməyi olan şəxslərə, Mədəniyyət Nazirliyinə təşəkkür edib: "Polad Həşimov Azərbaycan xalqının qəhrəmanıdır. O, 28 il Orduda xidmət edib. Onun necə yetişməsini el-aləm bilir. Onun haqqında danışmaq fəxrlidirsə, o qədər də çətindir. Polad Həşimov öz şəhidliyi ilə Azərbaycan xalqının enmiş başını dikəldib".

Daha sonra film nümayiş olunub.

Qeyd edək ki, ekran əsəri Mədəniyyət Nazirliyinin sifarişi ilə "Salnaməfilm” studiyasında istehsal olunub. Filmin rejissoru və ssenari müəllifi Zamin Məmmədov, görüntü rejissoru Fahir İmanquliyev, məsləhətçisi Vüqar Əsgərov, montaj edəni Sabir Əskərzadə, səs rejissoru Mehman Nadirov, prodüseri Nazim Hüseynovdur. Çəkilişlər Bakıda və Qəbələdə aparılıb.

***

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovla bağlı film çəkilib.

“Azərbaycanfilm” kinostudiyasından Mia.az-a verilən məlumata görə, “Poladın izi ilə” adlı ekran əsəri Mədəniyyət Nazirliyinin sifarişi ilə "Salnaməfilm” studiyasında istehsal olunub.

Filmin rejissoru və ssenari müəllifi Zamin Məmmədov, görüntü rejissoru Fahir İmanquliyev, məsləhətçisi Vüqar Əsgərov, montaj edəni Sabir Əskərzadə, səs rejissoru Mehman Nadirov, prodüseri Nazim Hüseynovdur. Çəkilişlər Bakıda və Qəbələdə aparılıb.

“Poladın izi ilə” sənədli filminin təqdimat mərasimi 4 may 2022-ci il tarixində, saat 19:00-da Nizami Kino Mərkəzində olacaq. Mərasimdə Şəhid generalın ailə üzvləri, döyüş yoldaşları, dostları iştirak edəcəklər.