Nazirlər Kabineti “Media haqqında” 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Prezidentinin 2022-ci il 8 fevral tarixli 1589 nömrəli fərmanının icrasının təmin edilməsi haqqında sərəncam imzalayıb.
Miaa.z xəbər verir ki, sərəncamın imzalanması “Media haqqında” qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə” dövlət başçısının 2022-ci il 8 fevral tarixli 1589 nömrəli fərmanının icrasını təmin etmək məqsədilə qərara alınıb.
Ədliyyə Nazirliyi Medianın İnkişafı Agentliyi, Azərbaycanın Audiovizual Şurası, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla:
- Medianın İnkişafı Agentliyinin və Audiovizual Şuranın yaradılması ilə əlaqədar normativ hüquqi aktların uyğunlaşdırılması ilə bağlı təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir;
- “Media haqqında” qanunun pozulmasına görə inzibati məsuliyyəti müəyyən edən qanun layihəsini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
Audiovizual Şura Ədliyyə Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, qanunun 30.1-ci və 59.2-ci maddələrində nəzərdə tutulmuş siyahıya dair təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
Medianın İnkişafı Agentliyi Ədliyyə Nazirliyi, Audiovizual Şura, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla:
- Qanunun 70.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, jurnalist vəsiqəsinin formasını, onun verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləğini və həmin vəsaitdən istifadə qaydası ilə bağlı təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir;
- Qanunun 73.6-cı maddəsinə uyğun olaraq, Media Reyestrinin aparılması qaydalarının layihəsini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir;
- Qanunun 73.8-ci maddəsinə uyğun olaraq, Media Reyestri şəhadətnaməsinin forması ilə bağlı təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Audiovizual Şura, Maliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, qanunun 29.4-cü və 33.5-ci maddələrində nəzərdə tutulmuş xidmət haqlarının məbləğinə dair təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi, Audiovizual Şura və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Şuranın inzibati bina ilə təmin edilməsi və maddi-texniki təminatına dair təkliflərini on beş gün müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
Razılaşdırma prosesinin iştirakçıları (əsas və birgə icraçılar) bu sərəncamın icrası ilə bağlı normayaratma vəzifələrindən irəli gələn məsələlər üzrə (layihə və təkliflərin baxılması, hazırlanması, razılaşdırılması, təqdim edilməsi və s.) müvafiq tədbirlər görüb icra vəziyyəti tələb etdikdə, məlumatları icra üçün ayrılmış müddətin birinci yarısı başa çatanadək Nazirlər Kabinetinə təqdim etməlidir.
Eyni zamanda, hüquqi aktların layihələrini əsas icraçıya təqdim edən subyektlər “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununun müvafiq olaraq 48.2-ci, 48.3-cü və 48.5-ci maddələrinin tələblərinə əməl olunmasını təmin etməlidir.
Mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, qanunun tətbiqinin təmin edilməsi məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Ədliyyə Nazirliyinə təqdim etsinlər və icra vəziyyəti tələb etdikdə, Nazirlər Kabinetinə məlumat verməlidirlər.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların qanuna uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Nazirlər Kabinetinə məlumat verməlidir.
Bu sərəncamın 1-ci, 6-cı, 7-ci və 8-ci hissələrinin icrası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə, 2-ci və 3-cü hissələrinin icrası Humanitar məsələlər şöbəsinə, 4-cü hissəsinin icrası Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsinə, 5-ci hissəsinin icrası isə İqtisadiyyat şöbəsinə həvalə edilib.