“Bəzi hallar olub ki,biz bəzi sosial şəbəkə istifadəçilərini prokurorluğa dəvət edərək onlara xəbərdarlıqlar etmişik”.

Bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev deyib.

“Ancaq çox təəssüflər olsun ki, bəzən bunu düzgün qəbul etməyənlər olur və prokurorluğu nələrdəsə ittiham edirlər. Biz hər bir kəsə açıq qurumuq. Hesab edirəm ki, mediada insanların şərəf və ləyaqətini təhqir edən, alçaldan, sensasiya xarakterli məlumatlar olmamalıdır”, - o vurğulayıb.

Baş prokurur bildirib ki, o, demək olar bütün məlumatları mediadan oxuyur: "Biz medianın peşəkarlığına üstünlük veririk".

Prezident İlham Əliyevin də medianın nəzarətini yüksək qiymətləndirdiyini qeyd edən Baş prokuror Kamran Əliyev Azərbaycan prokurorluğunun fəaliyyətinin mətbuat orqanlarında müsbət qiymətləndirilməsinə çalışdığını bildirib.

 Baş prokuror, həmçinin jurnalistlərə müraciət edərək onları sensasiya yaratmaq xatirinə məlumat yaymaqdan çəkinməyə çağırıb: "Bəzən jurnalistikanın adından istifadə edib, reketlik edənlər var. Həmin şəxslər prokurorluğa çağırılaraq müvafiq tədbirlər görülür. Mediada insanların şərəf, ləyaqətini alçaltmağa yönələn, sensasiya yaratmağa meylli məlumatlar olmamalıdır”.